
Rusiyanın Sankt Peterburq şəhərində boks üzrə yeniyetmələr arasında dünya birinciliyində Azərbaycan milli komandasının 4 üzvü 1/4 final mərhələsinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, 54 kq çəki dərəcəsində çıxış edən Orxan Həsənov danimarkalı Hassan Jallavı məğlub edib – 2:1.
Həmyerlimizin növbəti rəqibi almaniyalı Nik Bier olacaq.
Sayad Lalayev də (63 kq) komanda yoldaşının uğurunu təkrar edib. Seçmə komandanın üzvü İsrail nümayəndəsi Muhammed Əbu Riaşdan üstün olub – 3:0. Əlcək sahibi növbəti mərhələdə Qazaxıstan təmsilçisi Aibol Jambirbayla üz-üzə gələcək.
81 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Abdullayev də ¼ finala yüksəlib. Abdullayev bu dəfə rumıniyalı İonut Bohotiçi üzərində 3:0 hesablı qələbə qazanıb. O, növbəti mərhələdə amerikalı Riçard Torreslə görüşəcək.
Bəxtiyar Qazıbəyov (60 kq) məşqçilərin tapşırığını yerinə yetirə bilib. Döyüş ustası 1/8 finalda macarıstanlı Mata Lakatoşu mübarizədən kənarlaşdırıb – 3:0. Qazıbəyovun növbəti rəqibi kubalı Edel Akosta Qarsiya olacaq.
Bu gün dünya birinciliyində ¼ final mərhələsinin görüşləri keçiriləcək. Yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edir.