
İyulun 15-də Slovakiyanın Snina şəhərində güləş üzrə
yeniyetmələr arasında Dünya çempionatı start götürəcək. Sportnet.az-ın
Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən məlumatlna görə,
yarışa sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığmalarımız tam heyətlə qatılacaqlar.
Hər üç komanda çempionat öncəsi son təlim-məşq
toplanışına cəlb olunub və hazırlıqlarını davam etdirir. Yunan-Roma güləşi üzrə yığmamız iyunun 28-dən Qusar Olimpiya İdman
Kompleksində hazırlığa başlayıb. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi İslam Cəfərovun rəhbərliyi
altında heyətdə 20 idmançı yer alıb. Təlim-məşq toplanışı iyulun 11-dək davam
edəcək.
Qadın güləşi üzrə yığmamızın üzvləri bu
gündən Şamaxı Olimpiya Kompleksində toplanışa başlayır. Komandanın böyük məşqçisi Aslan Ağayev, məşqçilər Həsrət Məmmədyarov,
Siracuddin Eldarov, Filip Monolov və Mətanət Süleymanovanın rəhbərliyi altında
heyətdə 18 güləşçi yer alıb. Təlimlər iyulun 13-dək davam edəcək.
Sərbəst güləş yığmamızın üzvləri isə hazırlığa iyulun 3-dən
başlayacaq. Komandanın böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid
Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında heyətdə 20 güləşçi yer alıb.
Quba Olimpiya İdman Kompleksində keçiriləcək toplanış iyulun 17-dək
davam edəcək.