Azərbaycanın Olimpiya mükafatçıları Rəsul Çunayev, Rövşən Bayramov və Sabah Şəriəti Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə keçiriləcək güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsində iştirak etməyəcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının baş məşqçisi əvəzi Akif Əliyev jurnalistlərə açıqlamasında deyib.
O, bildirib ki, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəkidə bürünc medal qazanan R.Çunayev zədə səbəbindən Bakıdakı turniri buraxmalı olacaq: "Rəsul zədəlidir və o Türkiyədə əməliyyat olunub və hazırda oradadır. Həkim nəzarəti altında bərpa prosesi keçir. Bir müddət güləşə bilməyəcək. Amma gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək".
"Rio-2016"ın bürünc mükafatçısı S.Şəriəti və "London-2012"də gümüş medal qazanmış R.Bayramov da zədə səbəbindən turnirdə çıxış etməyəcək: "İdmançıların çıxış etməməsinə həkimlər qərar verib. Bildiriblər ki, onlar indi güləşsə, sonra yenə zədə ola bilər".
A.Əliyev "Qızıl Qran Pri"yə hazırlıqla bağlı danışıb: "Məşqlər ciddi şəkildə davam edir. Çalışacağıq ki, Azərbaycanı layiqli şəkildə təmsil edək. Hazırda qırğızlarla birgə təlim-məşq toplanışı davam edir. İdmançılar məsuliyyətlərini yaxşı başa düşürlər. Düzdür, idmanda qələbə də olur, məğlubiyyət də. Ancaq yüksək nəticə qazanmağa çalışacağıq. Artıq heyətimiz müəyyənləşib. Hər çəkidə 3 güləşçi çıxış edəcək. Burada hər kəs yığma komandanın üzvüdür. Burada bir nömrə olmaq üçün hazırlaşmaq, məşq etmək lazımdır".