Macarıstanın paytaxtı Budapeştdə gənc boksçular arasında keçirilən dünya çempionatının ikinci yarış günündə Azərbaycan millisinin 3 üzvü mübarizəyə qoşulub.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 64 kq çəki dərəcəsində çıxış edən Səbuhi Abışov döyüşünü qələbə ilə başa vurub. O, Yu-Şenq Hunq (Çin Taypeyi) üzərində 3-cü raundda təmiz qələbə qazanıb. Abışov 1/8 finalda iordaniyalı Bader Samrinlə üz-üzə gələcək. Bu qarşılaşma avqustun 24-də olacaq.
Nurlan Səfərovla (60 kq) Zaur Musayev (81 kq) isə çempionatla erkən vidalaşıblar. Onlar Rahat Seitjan (Qazaxıstan) və Kristian Çaveco (Kuba) ilə görüşdən məğlub ayrılıblar.
Qeyd edək ki, Azərbaycan yığması mundiala 6 boksçu ilə qatılıb. Bu gün Maqsud Xasmetov (49 kq) növbəti qarşılaşmasına çıxacaq. 1/16 finalda uqandalı Fişer Odoça qalib gələn Xasmetov ikinci görüşündə Rafael Biançi Benderi (Braziliya) sınağa çəkəcək. Dünya çempionatına 65 ölkədən 359 idmançı qatılıb.