“Finalda uduzmağıma rəğmən, evə medalla dönəcəyim üçün xoşbəxtəm”.
Sportnet.az Beynəlxalq Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının finalında yerli idmançı Ono Syoxeyə məğlubiyyəti şərh edərkən deyib.
73 kq çəki dərəcəsində mübarizə aparan 27 yaşlı idmançı bu rəqibə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının finalında da uduzduğunu xatırladıb: “Bu gün çox yoruldum, ancaq növbəti yarışlara hazırlaşacağam. Ono ilə qarşılaşmam 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarındakının təkrarı idi. Mən hazır idim, ancaq o, güclü idmançıdır. Bir neçə dəfə görüşsək də, ona qalib gələ bilməmişəm. Gələcəkdə bunu dəyişəcəyimə ümid edirəm. Biz onunla kiçik yaşlarımızdan güləşirik. Bu rəqabətin məni şux saxlamasına görə xoşbəxtəm. Ümid edirəm ki, onunla böyük finallarda qarşılaşmağı davam etdirəcəyik”.
Eyni çəkidə bürünc medal qazanan yığmanın digər üzvü Hidayət Heydərov isə bütün mükafatçıları təbrik edib: “Hər kəsi təbrik edirəm. İlk dəfədir Tokiodayam və möhtəşəm Nippon Budokan arenasında bürünc medal əldə etdiyim üçün şadam”.
Qeyd edək ki, Orucov yarımfianlda Heydərovu məğlub edib.