Rusiyalı UFC döyüşçüsü Həbib Nurməhəmmədov ABŞ təmsilçisi Dastin Poryo ilə döyüşündən ən azı 6 milyon dollar qonora əldə edib.
Sportnet.az-ın məlumatına görə, bu məbləğ hələ görüşdən əvvəl razılaşdırılıb. Daha 50 min dollar ödəniş gecənin ən yaxşı çıxışı qarşılığında həyata keçiriləcək. Bura Nurməhəmmədovun media tədbirlərində iştirak etməsi səbəbindən 40 min dollar da əlavə olunacaq. Lakin pullu yayımların satışından gəlir bura daxil deyil. Həmin məbləğ sonradan hesablanacaq.
Qeyd edək ki, Həbib Nurməhəmmədova təminat verilmiş 6 milyon dollar ödəniş UFC tarixində rekorddur. O, Kono Makqreqorla keçirdiyi əvvəlki döyüşündən 2 milyon dollar qazanıb. Nurməhəmmədov Poryonu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə vaxtından əvvəl məğlub edib.