Bu gün Dünya Güləş Birliyinin Büro üzvü, Azərbaycan Güləş Federasiyasının (AGF) prezident əvəzi Namiq Əliyev və sərbəst güləş yığması Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Sportnet.az xəbər verir ki, 12 dekabr - Ulu öndərin anım günü ilə əlaqədar olaraq AGF-nin rəhbəri və milli üzvləri Serbiyanın paytaxtı Belqradın mərkəzi parkı “Taşmaydan”da yerləşən Azərbaycan Respublikasının mərhum prezidentinin heykəli önünə əklillər qoyaraq, xatirəsini yad ediblər.
Bu abidə 2011-ci ildə həmin parkda salınıb.
Qeyd edək ki, Fərdi Dünya Kubokunda sərbəst güləş üzrə mübarizəyə sabah start veriləcək. Dekabrın 18-dək davam edəcək yarışda Azərbaycanı baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında İslam Bazarqanov (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Hacı Əliyev (65 kq), Gitinoməhəmməd Hacıyev (70 kq), Rəşad Yusifli (79 kq), Abubakr Abakarov (86 kq), Hacımurad Məhəmmədsəidov (92 kq), Şamil Zubairov (97 kq) və Camaləddin Məhəmmədov (125 kq) təmsil edəcək.