Polşanın Keltse şəhərində gənc boksçular arasında keçirilən dünya çempionatının dördüncü yarış günündə Azərbaycan millisinin daha 3 üzvü mübarizəyə qoşulub.
Sportnet.az-ın məlumatına görə, boksçulardan Murad Allahverdiyev (81 kq) ilk döyüşünü qələbə ilə başa vurub. Yeniyetmələr arasında Avropa çempionu 1/16 finalda Domeniko Vingiquerranı (İtaliya) məğlub edib – 4:1 (27:30, 29:28, 29:28, 29:28, 29:28). O, 1/8 final qarşılaşmasında Kaan Aykutsunla (Türkiyə) üz-üzə gələcək. Görüş aprelin 18-də baş tutacaq.
Allahverdiyevdən fərqli, Elmir Novruzov (64 kq) və Cəfər Heydərlinin (75 kq) debütü uğurlu alınmayıb. Onlar müvafiq olaraq, Darian Kastro (Kuba) və Villiam Çolova (Bolqarıstan) uduzublar.
Qeyd edək ki, daha öncə millimizin üzvlərindən Əli Zamanov (52 kq) 1/4, Əzrək Bəbirov (56 kq) və Cəlal Qurbanov (60 kq) 1/8 finala yüksəlib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.