Paracüdo üzrə Qran-prinin Bakıda keçirilməsinə icazə verilib.
Sportnet.az-ın məlumatına görə, bu barədə Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Assosiasiyası (IBSA) qərar qəbul edib.
Bu addım yarışın əhəmiyyəti nəzərə alınaraq, atılıb.
Heydər Əliyev adına İdman Arenasında keçiriləcək yarışa mayın 25-də start veriləcək. İki gün davam edəcək Qran-priyə 40-dan çox ölkənin qatılacağı gözlənilir.
Bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
Qeyd edək ki, Bakı Qran-prisi Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır. Yarış Azərbaycanda tətbiq edilən mövcud karantin qaydalarına və sanitar-epidemioloji tələblərə uyğun və tamaşaçı iştirakı olmadan keçiriləcək.