
Sərbəst güləş üzrə Azərbaycan yığması aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.
Federasiyadan Sportnet.az-a verilən məlumata görə, 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində keçirilir.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən toplanışda əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi Bakıda olan Qazaxıstan millisi ilə birgə gerçəkləşir.
Qeyd edək ki, sərbəst güləşçilər mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan Dünya Olimpiya Təsnifat turnirində milli 3 çəkidə - 57, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə 6-7 mayda baş tutacaq.