"Qoy, bu, güləşçilərimizin karyeralarındakı qələbələrin ən kiçiyi olsun".
Sportnet.az-ın məlumatına görə, bunu Bolqarıstanın Plovdiv şəhərindəki U-23 Avropa çempionatında qızıl medal qazanmış Azərbaycan sərbəst güləşçisi Abubakr Abakarov Bakıda qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.
86 kq çəki dərəcəsində çıxış edən idmançı medal qazanan komanda yoldaşlarını da təbrik edib: "Bizim üçün hər cür şəraiti yaradan Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Məhz bu şəraitin qarşılığında belə nəticələr əldə edə bilirik".
74 kq çəkidə qızıl medala sahib çıxan Cəbrayıl Hacıyev bu nəticəni əldə etdiyi üçün şad olduğunu bildirib: "Bizə azarkeşlik edən hər kəsə, daim dəstəyini əsirgəməyən federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Hər şey uğurla keçdi. Bu ritmdə davam edəcək və gələcəkdə daha böyük uğurlar qazanacağıq".
Avropa çempionu olan digər sərbəst güləşçi İslam İlyasov (97 kq) isə qələbəsini Azərbaycan xalqına həsr etdiyini vurğulayıb: "Şəxsi məşqçilərim - Qırxlar Bədəlov və Yaşar Əliyevin də üzərimdə böyük əziyyətləri olub. Bundan da yaxşı nəticələr əldə edərək, məşqçiləri və Azərbaycan xalqını sevindirmək istəyirəm".