Gələn həftə Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı keçiriləcək.
Sportnet.az xəbər verir ki, martın 28-də start götürəcək qitə birinciliyində Azərbaycanın hər 3 güləş növü üzrə milli komandaları iştirak edəcək. Sərbəst güləşçilər artıq Bakıdakı hazırlıq prosesini yekunlaşdırıb. Komanda sabah Macarıstana yollanacaq. Yunan-Roma güləşi üzrə yığma isə paytaxtda təlim-məşq toplanışının son mərhələsini keçir.
Qadın güləşçilərə gəlincə, artıq baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında AÇ-də çıxış edəcək təmsilçilərdən ikisi Budapeştdədir. Türkan Nəsirova (50 kq) və Alyona Kolesnik (59 kq) təcrübəli mütəxəssisin rəhbərliyi altında Macarıstan millisinin üzvləriylə birgə hazırlıq prosesinin son mərhələsini keçir. Martın 14-dən AÇ-ni təşkil edəcək ölkəyə yollanan güləşçilər burada sınaqçı rəqiblərlə taktiki-texniki çalışmaları həyata keçirir və hazırlıq səviyyələrini daha da təkmilləşdirirlər. Budapeştə erkən səfər həm də yerli mühitə uyğunlaşmağa hesablanıb. Bolqarıstanda son hazırlıqları keçən Elis Manolova (65 kq) isə yarış ərəfəsində komandaya qoşulacaq.
Qeyd edək ki, qadın güləşçilər Avropa çempionatında 30 mart - 1 apreldə mübarizə aparacaq.