Rumniyanın FCSB klubunun sahibi Cici Bekali "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının VII tur matçı üçün start heyəti açıqlayıb.
Sportnet.az xəbər verir ki, Bekali Azərbaycan təmsilçisi önünə ən yaxşı "11-liy"i buraxacaqlarını bildirib.
Beləliklə, qapıda Ştefan Tırnovanu, müdafiədə Valentin Kretsu, Coyskim Dava, Siyabonqa Nqejana, Risto Radunoviç, yarımmüdafiədə Vlad Kirikeş, Adrian Şut, Florin Tenase, hücumda Marius Ştefanesku, Daniel Bırlica və David Mikulesku yer alacaq.
Komandanın start heyətini baş məşqçi Elias Xaralambus yox, klubun sahibinin açıqlaması artıq ənənə halını alıb. Özü də Bekali bunu oyuna 3 gün qalmış edir. "11-lik"də sürpriz ad Ştefaneskudur. O, Avropa Liqasında qolsuz heç-heçə ilə yekunlaşmış son 2 görüşdə Almaniya "Hoffenhaym"ı və Yunanıstan "Olimpiakos"una qarşı forma geyinməyib. Bekalinin fikrincə, 27 yaşlı forvard artıq formasını bərpa edib.
O, qarşıdakı oyunları da nəzərə alaraq, Kirikeşin Bakıda cəmi bir hissə oynayacağını da açıqlayıb.
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlanacaq (teleqraf.com).