
"Rəqibin bizə qarşı yaxşı hazırlaşdığı ilk dəqiqələrdən görünürdü".
Bu sözləri Sportnet.az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”ni səfərdə 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
28 yaşlı müdafiəçi meydana qələbə üçün çıxdıqlarını söyləyib: "Bu, derbidir və "Neftçi"nin bizə qarşı yaxşı hazırlaşdığı ilk dəqiqələrdən görünürdü. Ardıcıl qələbə qazanmaları bizimlə oyunun marağını daha da çoxaltmışdı. Bu tərz oyunların çox olmasını istəyirəm. Qələbə üçün gəlmişdik və çox şadıq ki, bunu bacardıq".
Mustafazadə "Qarabağ"a qayıdan Kadi Borges haqqında da fikirlərini bölüşüb: "Son iki oyuna baxsaq, Kadinin gəlişi müsbət təsirini göstərir. Ötən oyun qol və məhsuldar ötürmə ilə yadda qalmışdı, bu gün isə komandamıza penalti qazandırdı".
Qeyd edək ki, hazırda “Qarabağ” 56 xalla turnir cədvəlinin birinci, “Neftçi” isə 24 xalla altıncı pilləsində yer alıb.