
Bu gün 60 yaşı tamam olan Azərbaycan futbolunun əfsanəsi Nazim Süleymanov Teleqraf-ın suallarını cavablandırıb. Sportnet.az həmin müsahibəni təqdim edir:
- 60 illik yubileyiniz münasibəti ilə AFFA və klublardan təbrik almısınız?
- Bəli, AFFA rəhbərliyi ilə günorta görüşəcəyik. Dostlarımız radiodan, qəzetdən və saytlardan zəng edib təbrik ediblər.
- Bəs "Neftçi"dən?
- Hələ zəng gəlməyib, amma gələr, inşallah.
- Rusiyanın "Alaniya" klubu ilə münasibətləriniz davam edir?
- Sizdən qabaq elə Vladiqafqazdan zəng etmişdilər. Şimali Osetiyada məşhur olan telekanal, radio və qəzet kimi fəaliyyət göstərən "15-ci region" da təbrik etdi. Eləcə də "Alaniya"nın mətbuat katibi.
- Sanki AFFA-dan, futbol ictimaiyyətindən inciksiniz...
- Yox, nə inciklik ola bilər ki?
- Son zamanlar sakitcə kənara çəkilmisiniz...
- Bizim işimiz məşqçilikdir, gərək dəvət olsun ki, işləyək, xalqımıza xidmət edək. Heç yerə çəkilib eləməmişik, elə Bakıyadıq (gülür - red.).
- Hansısa klubda və ya elə AFFA-nın yeni rəhbərliyindən sizə iş təklifi gəlməyib?
- Xeyr, təklif olmadığı üçün bu haqda danışmağa ehtiyac yoxdur.
- Son iş yeriniz ötən yay ayrıldığınız "İrəvan" oldu...
- Bəli, bir mövsüm işlədim.
- Sonra nə oldu?
- Komanda yox oldu.
- Bunun səbəbləri nə idi?
- Görünən və görünməyən səbəblər var. Hamı bilir.
- Görünməyən səbəblər nələr idi?
- Bunu siz görə bilməzsiniz, biz içəridə idik deyə, görürdük. Bu barədə danışmağa ehtiyac yoxdur, çünki "İrəvan" futbol klubu artıq fəaliyyət göstərmir.
- Klubun dağılmasında danışılmış oyunların rolu nə qədər oldu?
- Bu barədə çox danışmaq olar, amma artıq klub yoxdursa, danışmağın mənası yoxdur.
- Siz orada baş məşqçi idiniz, gözünüzün qarşısında belə şeylər baş verirdi...
- Məni dəvət etdilər, məqsədlərini dedilər və mən baş məşqçi olmağa razılıq verdim. Təəssüf ki, orada cərəyan edən işlər oldu. Klubun infrastrukturu və demək olar, heç nəyi yox idi. Klub çətin vəziyyətdə olduğu üçün özüm sona qədər qaldım. 10 klubdan ibarət I Liqadan bu cür komanda ilə daha aşağı liqaya düşmədik. Elə oyun oldu ki, biz 10 nəfərlə çıxıb oynadıq...
- Bəzi oyunçuların maaşları verilmirdi deyə, AFFA-ya şikayət etmişdilər...
- Bu haqda danışmağa ehtiyac yoxdur, klub artıq yoxdur.
- Deyirsiniz ki, iş yoxdur, işsizlikdir...
- İş olsa idi, mənim orada 2 illik müqaviləm var idi.
- Bəs Rusiyadan Azərbaycana qayıtmağınız doğru qərar idi?
- "Ximki"də bəzi problemlər oldu ki, qayıtmalı oldum.
- O klubun səhmdarı azərbaycanlı iş adamı Tufan Sadıqovu çoxdan tanıyırdınız?
- 3 il əvvəl tanış olmuşduq və məni kluba dəvət etmişdi.