
"Araz-Naxçıvan" komandasının kapitanı Vadim Abdullayevin "Turan Tovuz"a səfərdə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra Sportnet.az-a müsahibəsi
- Vacib səfər görüşündə məğlub oldunuz. Qarşılaşma barədə fikirləriniz necədir?
- Oyun çox gərgin keçdi. Qapımızda təhlükəli vəziyyət yaradılmadı. Bəxtsizlikdən ikinci hissəni azlıqda - 10 nəfərlə oynadıq. Rəqibin oyun üslubunu bilirdik. Fikrimcə, bu görüşdə üstünlüklərimiz çox idi. Hətta 10 nəfərlə oynasaq belə, qapımız önündə təzyiq hiss etmirdik. Onlar isə fürsəti dəyərləndirərək qol vurdular.
- İqor Ribeyronun qırmızı vərəqə aldığı epizod barədə nə düşünürsünüz?
- Epizod düz gözümün qarşısında oldu. Çox yaxın idim, hətta hiss etdim ki, ora çata bilərəm. Gördüyüm qədərilə, çiyin-çiyinə mübarizə getdi. Sonradan epizoda təkrar baxmamışam. Amma rahat idim ki, qərarı dəyişməyəcək. VAR-dan heç nə deməsələr də, baş hakim Əliyar Ağayev qətiyyətlə qırmızı vərəqə olduğunu bildirdi. Məncə, orada qırmızı vərəqəlik nə isə yox idi.
- Komandanızın baş məşqçisi Elmar Baxşıyev oyundan sonra mətbuat konfransında "Belə hadisələrlə bizi dayandıra bilməyəcəklər, bunlara meydandakı oyunumuzla cavab verəcəyik. Hakimlər varlı və kasıb klub ayrıseçkiliyi etməməlidirlər", - dedi. Futbolçu olaraq, meydanda hakim tərəfindən özünüzə qarşı mənfi davranışlar görürsünüz?
- Elmar müəllim yəqin, baş məşqçi kimi nəyisə təhlil edərək belə qənaətə gəlib. Bəzən futbolçu kimi özümüz də hiss edirik. Müəyyən epizodlar var ki, incələyib sonra qərar vermək olar. Çox olub ki, heç VAR-a baxmayıblar. Biz xallar itirsək belə, oyunumuz yerindədir. Həm də komandada zədəlilər çox oldu. Mən də daxil olmaqla, bir neçə futbolçunun sıradan çıxması istər-istəməz oyunumuza mənfi təsirini göstərir. Qarşıda hələ çempionatın 13 turu var. Mübarizəyə davam edəcəyik. Toparlanmaq lazımdır, hər kəs hədəfi üçün oynamalıdır. Bu oyunda azlıqda oynasaq belə, rəqibə şans vermədik.
- Cəhdləriniz çox olsa da kəsərli hücum, yəni, yüz faizlik qol imkanlarınız olmadı. Hücumda problemlərinizin olduğunu demək olarmı?
- Bəli. Əsas heyət hücumçumuz Ramon Maçado Azərbaycan Kubokunda "Zirə"yə 1:0 hesabı ilə qalib gəldiyimiz ilk 1/4 final oyununda ağır zədə alıb. Hücumçunun yoxluğu təsirini müəyyən mənada göstərir. Oyunun əvvəlində boş qapıya düşə bilmədik. Halbuki elə oyunçu var ki, bu epizodları “çırtlayır”. Olan vəziyətlə barışmalı, yolumuza davam etməliyik.
- “Araz-Naxçıvan”ın uzun müddətdir turnir cədvəlinin ikinci pilləsində yer alması futbol ictimaiyyətində maraq doğurur, yoxsa narahatlıq yaradır?
- Mövsümün əvvəlində çox yaxşı məğlubiyyətsizlik seriyamız vardı. Oyun baxımından da yaxşıyıq. Elə komanda yoxdur ki, onlara qarşı zəif oynayaq. Heç bir oyunda rəqibə daha çox epizod vermirik. Özümüz də çox istifadə edə bilmirik. Çox oyunda 1:0 hesabı qeydə alınsa da, kifayət qədər qol imkanlarından yararlana bilmirik. Futbol belədir, bəzən bir epiozodu qola çevirib qalib gələ bilərsən, bəzən də çox yaradıb heç birindən istifadə edə bilməzsən. Bu da futbolun bir gözəlliyidir. İndiki durumu eniş kimi görə bilərlər. Eniş o vaxt deyə bilərik ki, komandada oyun problemi olar. Biz isə istədiyimizi meydanda edə bilirik, sadəcə, yaratdığımız təhlükəli epizodlardan yararlana bilmirik. Düşünürəm ki, növbəti oyunlarda qol imkanlarımızdan daha yaxşı istifadə edə biləcəyik.
- Hazırda turnir cədvəlində ikinci pillədə olsanız da, üçüncü sıradakı Zirə” ilə aranızda cəmi iki xallıq fərqi var. Bu, üzərinizdə hər hansı basqı yaratmır?
- Mən futbolçularımızla danışanda da deyirəm ki, bütün komandalar sıfırdan xal yığmağa başlayıb və xal itirəndə digəri onu keçə bilər. Maraq ondadır ki, çempionatda rəqabət də artıb. Komandalar üçün hər oyun vacibdir. İnanıram ki, xal ehtiyatımızı daha da artıracağıq.
- Oyun bitdikdən sonra klub prezidentiniz Zaur Axundov Elmar Baxşıyevi kənara çəkərək öz narazılığını bildirdi. Baxşıyev də eyni situasiyanı paltardəyişmə otağında sizə yaşatdımı?
- Elmar müəllim oyunumuzdan razı qaldı. Dedi ki, toparlanmalıyıq, daha da yaxşı olacaq. Komandanın göstərdiyi əzmkarlıq və mübarizədən məmnunluğunu bildirdi. Zarafat deyil, 45 dəqiqə səfərdə azlıqda oynadıq. Matç boyu tribunalarda da izdiham var idi. Nəticəni düşündükcə adam heyfsilənir. Epizod olduğu halda, heç birindən istifadə edib qol vura bilmədik. Lakin üzərimizdə çalışıb növbəti oyunlarda bundan maksimum yararlanmağa çalışacağıq. Daha yaxşı nəticələrin olacağına inanırıq.
Həşim MƏMMƏDOV