
“Afinada iki məşq keçirdik. Demək olar, oyuna hazırıq".
Sportnet.az xəbər verir ki, bunu futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov 2026-cı il Avropa çempionatının əsas mərhələsində Yunanıstana qarşı keçirəcəkləri səfər oyunundan əvvəl federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
43 yaşlı mütəxəssis heyətdə yüngül zədəli - Kamran Hacıyev, Nihad İsmayılov və Murad Quluzadə - futzalçıların olduğunu, lakin onların meydana çıxa biləcəklərini söyləyib.
O, son məşqdə, əsasən, standart vəziyyətlər, taktiki-texniki tapşırıqlar üzərində işlədiklərini və futzalçıları çox yormamağa çalışdıqlarını qeyd edib: "Çünki yol da qət etmişik. Həm də “4-lük”ləri müəyyənləşdirdik".
Borisov meydana yalnız qələbə üçün çıxacaqlarını diqqətə çatdırıb: "Bu görüş tək bizim yox, rəqib üçün finala bərabər olacaq. Bizi gərgin oyun gözləyir. Yunanıstan millisi 4 gün əvvəl Xorvatiya ilə qarşılaşıb. Həmin oyunu izləmişik. Onlar bizə qarşı eyni oyun üslubuna çıxış etməyəcəklər. Bugünkü rəqib Xorvatiya ilə görüşdə müdafiədən oynadı, qapıçısı da yaxşı dayandı. Bu dəfə pressinq edəcəklər. Yenə deyirəm, doğma meydanda oynayırlar, qələbə qazanmaq üçün əllərindən gələni edəcəklər. Məqsəd eynidir. Ümid edirəm ki, səfərdən 3 xalla dönəcəyik”.
Qeyd edək ki, Afinadakı DAİS İdman Arenasında təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Trayan Enchev, Kaloyan Kirilov və İvan İvanovdan ibarət bolqarıstanlı hakimlər briqadası idarə edəcək.