
“Vacib qarşılaşmaya çıxacağıq. Düzdür, bu oyunlar bizə xal vermir, amma yoldaşlıq görüşündə məğlub olmaq istəmirik”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Haiti ilə yoxlama oyunundan öncə keçirilən mətbuat konfransında deyib.
Portuqaliyalı mütəxəssis rəqibin hücum futboluna üstünlük verdiyini vurğulayıb: “Yaxşı milli komandaya qarşı oynayacayıq, yaxşı oyunçulara malikdirlər. Haitinin son 5-6 oyununu izləmişik, zəif və güclü tərəflərini öyrənmişik. Hücum futbolu oynayan komandadır. Çalışırlar 2 hücumçu ilə oynasınlar. Türkiyənin “Kayserispor” və Yunanıstanın AEK klublarından futbolçuları var. Hücumdan sonra müdafiəyə çəkilməyərək topu yenidən qazanmağa çalışırlar. Müdafiə baxımından zəif nöqtələri var, bunun üzərində çalışıb sabah bundan istifadə etməyə çalışacağıq. Çox yaxşı məşqlər keçmişik, komandada əhval-ruhiyyə yaxşıdır”.
Santuş qarşılaşmanın heyətini artıq müəyyənləşdirdiyini bildirib: “Yeni gələn futbolçulardan kimlərin oynayacağını deyə bilmərəm”.
71 yaşlı baş məşqçi milli komandanın futbolçularının fiziki durumu haqda söz açıb: “İki gündür onlarla işləyirəm, fiziki göstərici baxımından inkişaf elətdirə bilmərəm. Kollektiv şəklində daha güclü çıxış etmək fiziki göstəricidən daha üstündür. Oyunçularımın göstəricisi budur və bunu dəyişə bilmərik. Bəziləri hündürdür, bəziləri balacadır. Futbol sırf fiziki hazırlıqdan ibarət oyun deyil. Daha vacib olan taktiki hazırlıqdır. Futbolçular oyuna hazır olmalı və mübarizə aparmalıdırlar".
Santuş Azərbaycanın təhlükəsiz ölkə olduğunu deyib: “Ötən gün videomüraciət edərək Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik etdim. Təamlardan dadmaq şansım oldu. Azərbaycan ümumi götürəndə yaxşı ölkədir. Məncə, Avropanın 20 ən gözəl ölkəsindən biridir. Deyərdim ki, çox təhlükəsiz ölkədir, rahatlıqla yaşamaq və bayramları qeyd etmək olur”.
O, qarşılaşmaya azarkeşləri stadiondan izləməyə dəvət edib: “Onların millini dəstəkləmələr vacibdir. Bir müddətdir buradayam və nəzər yetirmişəm ki, Azərbaycan komandalarının oyununda azarkeşlər azlıq təşkil edir. Yalnız avrokubok matçlarına maraq var. Son olaraq “Neftçi” - “Qarabağ” oyununda böyük izdiham var idi. 9 000 nəfərə yaxın azarkeş gəlmişdi. Çox mükəmməl atmosfer var idi, oyunun sürəti də yaxşı idi. Ümid edirəm ki, millinin oyununa da bu qədər azarkeş gəlib bizi dəstəkləyəcək. Mən də azarkeşləri başa düşürəm ki, onlar millidən ancaq qələbə gözləyirlər”.