
Elşən MƏMMƏDOV
Haitinin Azərbaycan millisi ilə oyunu martın 22-dədir, amma Bakıya martın 18-dən gəliblər.
Belarusun oyunu martın 25-dədir, amma bu gün - martın 21-də gəliblər, özü də AZAL-ın təyyarəsi ilə.
Maraqlıdır, bunların "şot"larını kim verib? Özlərində bu qədər pul hardandır?
Başqa bir maraqlı məqam odur ki, Azərbaycan millisi Haiti ilə oyun öncəsi "Neftçi"nin bazasına sığınıb, amma Mərdəkanda milli komandalar üçün ayrılan "Liv Bona Dea Arena"nı (əvvəlki adı "Dalğa Arena") Belarus yığmasına verib.
Azərbaycan millisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda hətta oyunöncəsi məşq etməyəcək, amma Haiti bu gün məşq və mətbuat konfransını orda edib.
Görmədikləri günləri yaşayırlar. Hətta vaxtilə milyonlar alıb Bakıya gələn və 6 qol vurub gedən İspaniya millisi Bakıda bu cür komfort şərait görməmişdi.
Belə qonaqpərvərliyin səbəbi var. Bəli, Azərbaycan millisi üçün rəqib tapmaq müşkülə çevrilib. Heç kim reytinqcə aşağı pillələrdə olan komandaya qarşı oynamaq istəmir. Xahiş-minnətlə gəliblər, gətiriliblər.
Gətirilmə səbəbləri isə FIFA ilə bağlanan kommersiya müqaviləsindəki tələbdir: Hər bir ölkə kimi, Azərbaycan millisi də il ərzində 10 oyun keçirməlidir. Bunun 6-sı DÇ-2026-nın seçmə oyunlarıdır. 4-ü isə yoldaşlıq görüşləri. İyunda olacaq yoldaşlıq görüşlərini razılaşdırmaq daha tez mümkün oldu. Amma mart qarşılaşmaları bir qədər vaxt apardı. Əvvəlcə Belarus və son anda Haiti ilə razılaşa bildilər.
Gördüyünüz kimi, hansı ağır şərtlərin bahasına...
MİSLİ-bərabəri olmayan qonaqpərvərlik buna deyərlər!