
“Milli komandaya çağrılmamağım gözlənilməz olmadı. Çünki mövsümü o qədər də uğurlu keçirdiyimi düşünmürəm. Matçların çoxunda meydana sonradan daxil olur, daha az şans qazanıram".
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında Azərbaycan milli komandasının və “Sabah” klubunun futbolçusu Anatoli Nuriyev yığmanın Haiti və Belarusla yoldaşlıq oyunlarına dəvət almamasına münasibət bildirərkən deyib.
29 yaşlı yarımmüdafiəçi yığmanın baş məşqçisi Fernandu Santuşun düşərgəyə gənc oyunçuları çağırmasına çox sevindiyini söyləyib: "Onların milliyə uğur gətirəcəklərinə inanıram”.
Nuriyev milli komandaların oyunları zamanı yaranan fasilədən maksimum yararlanmağa çalışdıqlarını qeyd edib: “Hazırlıqlarımız davam edir. Azərbaycan Premyer Liqasının XXVII turunda evdə “Zirə” ilə 1:1 hesablı heç-heçə etdikləri görüşdə yaxşı çıxış etdiklərini diqqətə çatdırıb: "Bu matçda qələbə də qazana bilərdik. Standart vəziyyətdən lazımsız top buraxdıq. 3 xal qazanmaq əvəzinə 2 xal itirdik. İkinci hissədə əksərən müdafiəyə çəkilirdik ki, bu da bizə problem yaradırdı".
“Sabah”ın “9 nömrə”si komandasının Azərbaycan Kuboku və Premyer Liqadakı hədəflərindən də söz açıb: "Hər iki cəbhədə irəliləməyə çalışacağıq. Çempionatda 4-cü pilləyə yüksəlməyə can atırıq. Təəssüf ki, hələlik bu, alınmır. Kubokda "Neftçi"ni keçərək finala yüksəlmək istəyirik".
Qeyd edək ki, Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq görüşü keçirəcək. Mehdi Hüseynzadə adına Respublika stadionunda baş tutacaq görüş saat 21:45-də start götürəcək. Anatoli Nuriyev portuqaliyalı baş məşqçi Fernandu Santuşun təyinatından sonra milli komandaya cəlb olunmayıb.