
Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Haitiyə 0:3 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra jurnalistlərin suallarını cavablandırıb. 28 yaşlı hücumçu Sportnet.az-ın əməkdaşının da iştirak etdiyi müsahibədə əvvəlcə oyun barədə fikirlərini bölüşüb:
- Rəqibə qarşı doğru hazırlaşdığımızı düşünürəm. Erkən top buraxmağımız planlarımızı pozdu. Qol sarıdan problemimiz var, 100 faizlik imkanlarımız oldu. Vura bilmədik və daha sonra qapımızda top gördük. Bitiricilik üzərində daha çox işləməli, həlledici məqamda daha soyuqqanlı olmağa çalışmalıyıq. Bu halda, nəticələr də fərqli olacaq. Azərbaycan millisi elə komandadır ki, ələ düşən azsaylı imkanları boşa vermək olmaz, çünki sonra başımız ağrıyır. Bir tərəfdən baxdıqda yoldaşlıq oyunu idi, baş məşqçimiz də yeni oyunçulara, yeni sxemə baxırdı. Gənc oyunçular bu gün meydana daxil oldular, onlara uyğunlaşmaları üçün kömək edirik. Bu cür oyunlarda səhvlər etmək bəzən komandaya faydalı olur, çünki sonradan analiz edə bilərik ki, bunları təkrarlamayaq. Bugünki oyunu analiz edəcəyik və Belarusla matça daha yaxşı vəziyyətdə çıxacağıq.
- Komandada gəncləşdirmənin getdiyini deyirsiniz, amma Bədavi Hüseynov, Şahruddin Məhəmmədəliyev kimi yaşlı futbolçular bu gün start heyətdə yer almışdılar…
- Baş məşqçinin verdiyi qərara qarışa bilmərik. Amma məşqlərdə və oyunda meydana daxil olan futbolçular var idi. Bu, onlar üçün yeni səviyyə və təcrübədir. Azərbaycan Premyer Liqasında rəqiblər başqa, belə oyunlarda isə tamam başqadır. Haiti top-millilərdən olmasa da, yetərincə yaxşı komanda olduğunu düşünürəm. Oyunçularına, onların harada yetişdiklərinə baxsaq, məsələn, Jan-Kevin Düvern mənimlə “Lans”da olan zaman bir otaqda qalıb, Fransa futbolunun yetirməsidir. Bütün bunları nəzərə almaq lazımdır. Hazırlıq oyununda səhvlər etmək, səhvləri bağışlamaq olar. Önəmlisi rəsmi oyunlarda daha diqqətli, daha nizam-intizamlı olmaqdır.
- Azərbaycan millisi ilk dəfə idi Sumqayıtda oynayırdı. Stadionu bəyəndiniz?
- Açığı həm stadionu, həm də ot örtüyünü bəyəndim. Atmosfer də çox gözəl idi, azarkeşlərimizə "çox sağ olun" deyirəm. Bayram günündə bizi dəstəklədilər, biz də onları sevindirmək istərdik. Tam da pis oynadığımızı deyə bilmərəm. Keçid fazasında boşluqlar verdik. Uşaqlar oynamağa çalışır, epizodlar yaratmaq istəyirdilər. Neqativlər kimi, pozitiv məqamlar da var idi.
- Martın 25-də Belarusla qarşılaşacaqsınız. Onlar son oyunda səfərdə Tacikistanı 5:0 hesabı ilə məğlub ediblər. Azərbaycan millisinin bu oyun üçün məqsədi böyük hesabla uduzmamaqdır?
- Ümumiyyətlə, böyük və ya kiçik hesabla uduzmağı düşünmürük. Hər bir komanda meydana qələbə üçün çıxır. Bəzi futbolçuların, milliyə çağırılmırlar deyə, boş zamanları olur. Biz isə burada maksimumuzu veririk və bunun bəhrəsini görmək istəyirik. Komanda yoldaşlarımın milli üçün can yandırmağa çalışdıqlarını görürəm. Bugünkü matç göstərici deyil, gələcək oyunlara hazırlaşmaq məqsədi daşıyır.
- Start heyətdə hazırda “Qarabağ”da çıxış edən 7, keçmiş futbolçulardan isə 3 nəfər var idi. 10 futbolçu bir-birinizi daha yaxşı tanıyırdınız, bir klubda oynamısınız. “Qarabağ”la millinin nə fərqi var?
- Bu sual baş məşqçiyə ünvanlanmalıdır. Siz deməyənə qədər bunu bilmirdim. Bu, baş məşqçinin təqdiridir və onun sırf buna görə qərar verdiyinə inanmıram. Kim daha yaxşı formadadırsa və kimi meydanda görmək istəyirsə, o da oynayırdı. Fernandu Santuşun beynində nə olduğunu bilmirik. O, böyük məşqçidir, böyük tərcübəsi var. Bu sualların ona verilməsi daha yaxşı olar. Biz isə sadəcə, onun dediklərini meydanda etməyə çalışırıq”.
- Komandada milli ruh hiss olunmur. Sanki futbolçular Azərbaycan milli komandasının formasını daşıdığının fərqində deyillər...
- Təəssüf ki, bizimlə paltardəyişmə otağında olmursunuz. Sİzi inandıra bilərəm ki, milli ruh və s. heç bir rol oynamır. Dediyim kimi, bu futboldur və hamı qələbə qazanmaq istəyir. Ölkə üçün oynamağın qürurunu sizə sözlə ifadə edə bilməyəcəyəm. Bu oyunu götürün, tək-tək futbolçular var ki, onlar milliyə gedirlər, onlardan da biri mənəm. Bu, futbolçunun özü üçün yüksək göstəricidir. Belə deyim, ölkədə 50-100 futbolçu varsa, onlardan da 1-i sənsən və bu formanın daşımağın qüruru tam başqadır. Bunu milli ruha, vətənpərvərliyə bağlamaq istəmirəm. Haiti zəif milli deyil, keyfiyyətli futbolçuları var. Bəzi birə-bir mübarizələri uduzduq, müdafiə fazasında səhvlərə yol verdik. Qol vursaydıq, fərqli oyun olardı.
- Sumqayıt futbol şəhəridir, amma stadionda azarkeşlərin sayı az idi. Bakıdakı oyunlarda da azarkeşlər az gəlir, sanki millidən küsüblər. Bunun günahını özünüzdə görürsünüz?
- Xüsusən UEFA Millətlər Liqasında ən aşağı liqaya düşməyimiz, ola bilər ki, azarkeşlərimizi küsdürüb. Sabah biz olmayacağıq, başqa futbolçular olacaq, milli bizim ölkənindir, bizimdir, sizindir. Nəticəmizi özümüz pisləşdirmişik, özümüz də düzəldəcəyik. Məqsədimiz budur.
Haşım MƏMMƏDOV