
Belarus milli komandasının futbolçuları "Bank Respublika Arena"da Azərbaycan yığmasına qarşı keçirdikləri yoldaşlıq görüşü zamanı nümunəvi davranışla diqqət çəkiblər.
Sportnet.az xəbər verir ki, oyundan öncə qonaq komandanın bütün futbolçuları əllərindən tutaraq, meydana gətirdikləri şəhid övladlarına dövlət himnləri səsləndirilərkən, qayğı göstəriblər.
Onlar əyinlərindəki idman gödəkçələrini çıxararaq, qısa qolda olan uşaqların çiyinlərinə atıblar. Bununla da belaruslu futbolçular azyaşlıları küləkli havada soyuqdan qoruyublar.
Azərbaycan millisinin futbolçularından isə yalnız üçü - Nəriman Axundzadə, Toral Bayramov və Xəyal Əliyev önlərindəki şəhid övladlarına bu cür qayğı göstəriblər.
Rəsmi məlumatda bildirilir ki, “Bank Respublika”, AFFA və YAŞAT Fondunun birgə təşəbbüsü ilə Azərbaycan və Belarus milli komandaları arasındakı yoldaşlıq oyununa futbolçularla birlikdə çıxan uşaqların əksəriyyəti şəhid övladları olub. Uşaqlar xüsusi hazırlanmış formada meydana daxil olublar.
Oyun Belarus millisinin qələbəsi ilə yekunlaşıb - 2:0 (Teleqraf).