
"Təəssüf ki, "Səbail"lə oyunda tapşırığın öhdəsindən gələ bilmədik".
Sportnet.az-ın məlumatına görə bunu "Kəpəz"in tacikistanlı futbolçusu Şervoni Mabatşoev klubun mətbuat xidmətinə açıqlamasında Misli Premyer Liqasının XXVIII turunda qarşılaşdıqları "Səbail"lə matçın nəticəsini dəyərləndirərkən deyib.
Tacikistanlı legioner evdə qələbə qazana bilmədiklərinə görə məyusluğunu dilə gətirib: “Əvvəl də demişdim, indi də o fikirdəyəm ki, kimin qol vurmasının əhəmiyyəti yoxdur. Əsas olan komandanın qələbəsi, azarkeşləri sevindirməyimizdir. Bakı klubu ilə eyni məqsəd üçün mübarizə aparır və turnir cədvəlində qonşuyuq. Evdə də oynadığımıza görə qələbə qazanmaq bizim üçün çox vacib idi. Təəssüf ki, tapşırığın öhdəsindən gələ bilmədik. Bunun əvəzini çıxmağa çalışacağıq”.
24 yaşlı yarımmüdafiəçi növbəti turun “Sabah”la görüşünə kökləndiklərini deyib: “Səfərdə oynayacağıq. Əslində bütün matçlar bizim üçün evdən kənardadır. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmalıyıq. Ona görə bu qarşılaşmadan da uğurlu nəticə ilə ayrılmaq istəyirik. “Sabah” güclü rəqibdir. Oyuna yaxşı hazırlaşırıq. Məşqçilər lazımı tövsiyyələrini verirlər. Azarkeşlərimizi qalib gəlməklə sevindirmək istəyirik. Onların inamını yenidən qazanmalıyıq”.
Qeyd edək ki, XXVIII turun "Kəpəz" - "Səbail" matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Gəncə klubunun yeganə qolunu matçın 41-ci dəqiqədə məhz Şervoni Mabatşoev vurub.