
"Milli komanda barədə danışmaq istəmirəm. Mənimlə bağlı heç bir problem yoxdur, hər şey qaydasındadır".
Bunu "Qarabağ" klubunun futbolçusu Elvin Cəfərquliyev Azərbaycan yığmasında qırmızı vərəqə alması ilə əlaqədar Teleqraf-a açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi hər iki komandada intizamsızlığa yol verməsi səbəbindən Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun əvvəllər onunla söhbət apardığını bildirib.Lakin Cəfərquliyev son olaraq meydandan qovulduğu Haiti ilə qarşılaşmadan sonra belə halın baş vermədiyini söyləyib.
O, Azərbaycan Premyer Liqasının XXIX turunda 1:0 hesabı ilə qalib gəldikləri "Zirə" ilə oyunun ağır alındığını dilə gətirib: "Düşünürəm ki, "Zirə" çox yaxşı, əzmkar oyun göstərdi, bizə xeyli çətinlik yaratdı.
Özümüzün də şansları oldu, lakin yetərincə yararlana bilmədik. Qapımıza təyin olunan penalti epizodunu görməmişəm, sonra baxacağam. Hər halda, qələbə qazandıq və bu, bizi sevindirir".
Futbolçu növbəti tur səfərdə "Səbail"ə qarşı keçirəcəkləri oyuna da əvvəlki qaydada hazırlaşacaqlarını vurğulayıb.
Ötən mövsüm sona 8 tur qalmış çempionluğu təmin edən "Qarabağ"ın bu dəfə eyni uğuru təkrarlaması ləngiməkdədir. Cəfərquliyev bunu çempionatın güclənməsi ilə əlaqələndirib: "Zirə"ni götürək, düzdür, qələbə qazandıq, amma bizə çətinliklər yaradırdılar. Daha aşağı pillələrdəki komandalarla oyunlarda da eyni hal baş verir. Bu da hardasa, Premyer Liqanın səviyyəsinin qalxmasına işarədir".
Cəfərquliyev transfer təklifləri barədə isə hələlik heç nə danışmaq istəmədiyini diqqətə çatdırıb: "Gələcəkdə nə olacaqsa, hamınız biləcəksiniz".
Qeyd edək ki, Azərbaycan millisi martın 22-də keçirdiyi yoldaşlıq görüşündə Haitiyə böyük hesabla uduzub - 0:3. Bu görüşdə qırmızı vərəqə alan Elvin Cəfərquliyev Belarusla növbəti oyuna hazırlaşan heyətdən kənarlaşdırılıb. Matç rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.