
“Komandadakı durumumdan razı deyiləm. Fikrimcə, oynamamağım ədalətli deyil. Meydana çıxmağa layiqəm”.
Sportnet.az xəbər verir ki, bu sözləri Teleqraf-a açıqlamasında “Zirə”nin qapıçısı Tiaqo Silva deyib.
25 yaşlı “əlcək sahibi” cari mövsüm az şans qazanmasından narazı olduğunu və bunun karyerasına mənfi təsir etdiyini bildirib: “Təəssüf ki, buna mən qərar vermirəm. Üzərimdə çalışmağa davam edirəm. Hazırda karyeramla bağlı həll yolları axtarıram”.
Silva Azərbaycan Premyer Liqasının XXIX turunda səfərdə “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduqları görüşdə komandasının zəif oynadığını etiraf edib: “Belə bir matçda qol vura bilmədik. Oyunumuzun səviyyəsi yaxşı deyildi. Daha çox epizod yaratmalı idik. “Qarabağ” oyunlarda topa nəzarət edən, epizodlar yaxalayan komandadır. Onları məğlub edən komanda topu əldə etməli və qol vurmalıdır”.
Portuqaliyalı qapıçı komandasının ikinci pillədə yer almasına baxmayaraq, çempionluğu Ağdam təmsilçisinin haqq etdiyini də vurğulayıb: “Bilinir ki, bu il də “Qarabağ” çempion olacaq. Həqiqətən buna layiqdirlər. Onlar mövsüm ərzində daha yaxşı oynayıb, daha çox qələbələr qazanıblar. Eləcə də Azərbaycanda ən yaxşı komandadırlar. Biz də çalışmalıyıq ki, yaxşı olaq və yüksək nəticə əldə edək”.
Qeyd edək ki, Tiaqo Silva 2023-cü ildə “Zirə” ilə iki illik müqavilə bağlayıb. “Qartallar” hazırda 55 xalla turnir cədvəlinin ikinci pilləsində yer alır. Komandanın baş məşqçisi Rəşad Sadıqovdur.