
“Frank De Blekerin daxili çempionatdakı işini mənfi dəyərləndirirəm".
Sportnet.az-ın məlumatına görə, bu sözləri AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov deyib.
Məmmədov komitənin belçikalı yeni sədrinin dövründə bölgələrdən yeni hakimin üzə çıxmadığını bildirib: "Bu aylar ərzində hansı yeni hakim üzə çıxdı, hansı işlər görüldü? Niyə regionlardan bir nəfər də hakim yetişmədi? Regionlarla kim məşğul olur, niyə bir nəfər belə regiondan hakim yoxdur? Bu baxımdan, daxili yarışlarda səhvlər var. Fikrimcə, qurulan iş müsbət deyil. Baxıram ki, bütün işləri özü tək görür”.
Sabiq FIFA referisi Hakimlər Komitəsinin sədri Frank De Blekerin işində müsbət məqamların da olduğunu vurğulayıb: “De Blekerin oyunlardan sonra açıqlamalar verməsi müsbət haldır. Heç nə gizlədilmir, bütün faktlar ictimaiyyətə deyilir. Əslində deməyə bilər, amma o deyir. Məsələn, UEFA, FIFA hakim səhvləri barədə heç bir açıqlama vermir. Bu baxımdan, De Blekerin fəaliyyətini birmənalı dəyərləndirə bilmirəm. Çünki hakimlərimizin beynəlxalq oyunlara təyinat almasında onun rolu böyükdür. Hakimlərimizin daha çox oyunlara təyinat alması onun oradakı nüfuzundan irəli gəlir".
Məmmədov hazırkı sədrin daxildəki işi barədə eyni düşüncədə olmadığını açıqlayıb: "Hakimlər Komitəsinin üzvlərinə çoxlu səlahiyyətlər verilməlidir ki, onlar işləsinlər. Görünən odur ki, regionlardan hakimlərin yetişdirilməsi yönündə iş görülmür. Amma gənc hakimlərlə az-çox iş aparılır. İşin içində olmadığım üçün dəqiq deyə bilmirəm. Görünən tərəf odur ki, bu mövsüm yeni hakimlərdən heç kim üzə çıxmayıb”.
Keçmiş sədr De Blekerin "Neftçi" və "Sabah" komandaları arasında keçirilmiş Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunundan sonra verdiyi açıqlamaya da toxunub. O, belçikalı funksionerin FIFA referisi Əliyar Ağayevin idarəçiliyindən narazı qalmasını doğru sayıb: “De Bleker səhvə "səhvdir" deyib, başqa nə deməli idi ki? Hakimlərimizi qorumaq lazımdır, baltalamaq yox. Bütün ölkələrdə var, hakimlər səhv edir. Onları qovurlar, uzaqlaşdırılar? Səhvdir də oldu, insan robot deyil. Əslində orada Əliyardan çox VAR-da oturan hakimlərin günahı vardı. Hakim bir andakı epiozodu görməyə bilər. Bəs VAR otağındakı hakim 4-5 kameraya niyə diqqət etmir, hara baxır, nə ilə məşğul idi?! Burada günahın çoxu VAR-da əyləşən hakimlərin günahıdır, nəinki Əliyarın. Mən qışdan bəri deyirdim ki, yazda böyük problemlər olacaq. Çünki oyunları 5-6 hakim idarə edir. Bunlar insandır, həm fiziki, həm də psixoloji cəhətdən yorulurlar. Normalda 10 komanda varsa, 10 hakim oyunları idarə etməlidir, ikisi də ehtiyatda olmalıdır. Düzdür, kağız üstündə o say var, amma 6-7 əsas hakim olur, turdan-tura eyni adamlar idarə edir. Bu da düzgün addım deyil”.
Mütəxəssis həmçinin, kubokun cavab görüşlərinə əcnəbi hakimlərin dəvət olunması təklifinə isti yanaşmadığını deyib: “Əslində əcnəbi hakimlərin gəlməsi məsələsi yoxdur. Sadəcə, bəzi media nümayəndələrinin ideyasıdır, ortaya atıblar. Bildiyim qədər elə bir şey planlaşdırılmır. İkincisi, buna heç bir ehtiyac yoxdur. Gördük, əncəbilər də gəldi-getdi. Onlar səhv edəndə kimdən soruşacaqlar, kim nəticə çıxaracaq? Bizimkiləri Yunanıstan, Serbiya çağırır, özümüz xaricdən referi dəvət edək? Hesab edirəm ki, kifayət qədər yaxşı hakimlərimiz var, öhdəsindən də gələcəklər. Bir səhvə görə belə fikrə düşmək olmaz ki, əcnəbi gəlsin”.
Xaqani Məmmədov “Neftçi” - “Sabah” oyunundan sonra Əliyar Ağayevin səhvinin müzakirə edilməsi yerinə, Masazır təmsilçisinin rusiyalı baş məşqçisi Vasili Berezutskinin jurnalistlərinin suallarını gözləmədən getməsinə qarşı kampaniya təşkil olunmasını daha məqsədəuyğun hesab etdiyini söyləyib: “Bir epizodlla bağlı sosial şəbəkələrdə fəallıq var. Niyə heç kəs demir ki, “Sabah”ın baş məşqçisi Vasili Berezutski jurnalistlərə o cür hörmətsizlik etdi? Niyə bu barədə heç nə yazılmadı? Bircə mən səsimi çıxardım. Mən dedim ki, Berezutski gələndə, jurnalistlər mətbuat konfransına gəlməsin. Görün, bu, ona necə təsir edəcək? Təbii ki, pis. Fikirləşməlidir ki, mən jurnalistlərə hörmət edib, suallarına cavab verməliyəm. Onların qarşısında hörmət qazanmalıyam, yoxsa nüfuzumu itirməyi seçməməliyəm”.
Qeyd edək ki, aprelin 2-si baş tutan “Nefçi” – “Sabah” oyunundan sonra Vasili Berezutski mətbuat kopnfransında oyun barədə fikrini bildirdikdən sonra jurnalistlərin suallarını gözləmədən gedib. AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker “90+1-ci dəqiqədə "Sabah"ın hücumu zamanı top bu komandanın hücumçusu Coy-Lens Mikelsə çatır. Hücumçu topu vurduqdan sonra rəqibin müdafiəçisi Yuri Matias gecikərək onun ayağına təmas edir. Hücumçunun ayağına təmas aşkar şəkildə görünür. Buna görə də biz penalti və VAR müdaxiləsini gözləyirdik", - deyə açıqlama verib (Teleqraf).