
"Mənə göstərilən etimada görə, AFFA prezidenti Rövşən Nəcəf və İcraiyyə Komitəsinə təşəkkürümü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev qurumun Növbəti Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan futbolunun hazırkı durumunun yaxşı olmaması bir həqiqətdir: "Əsas millimizin nəticələri hamımızı üzür. Avropa futbolunda autsayderlər sırasındayıq.
AFFA-nın İnkişaf Strategiyasının bu vəziyyətdən çıxmaqda köməklik göstərəcəyinə inanırıq. İnkişaf Strategiyasını reallığa çevirməliyik. Bu, bizim gündəlik işimizə çevrilib".
Fərəcullayev bildirib ki, AFFA-nın hazırkı kadr potensialı qarşıya qoyulan hədəflərə çatmaq üçün yetərli deyil: "Ciddi dəyişikliklər olacaq.
Yalnız bunu gerçəkləşdirməklə, strategiyanı həyata keçirmək olar. AFFA-da bundan ötrü xüsusi qrup yaradılacaq".
O, hər şeyi sıfırdan başlamalarının gərəkliyini söyləyib: "Hamımız uşaq futbolundan danışırıq. Amma bu, dayanıqlı maliyyə dəstəyi olmadan mümkün deyil.
Bir neçə istiqamətdə işləməli, effektli sistem qurmalıyıq. Əsas problem cəmi 7 təlimçi, qapıçı üzrə 1 instruktorumuz var. Halbuki 4 milyonluq Xorvatiyada 145 belə mütəxəssis çalışır".