
"Epizodları qola çevirə bilməsək də yaxşı oynadıq".
Sportnet.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Azər Bağırov evdə Azərbaycan Premyer Liqasının XXX turunda “Araz-Naxçıvan”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis matçda iki xal itirdiklərini bildirib: "Futbolçular çempionatın liderlərindən olan komandaya qarşı möhtəşəm oynadılar. Epizodları qola çevirə bilməsək də yaxşı oynadıq. Düşünürəm ki, iki xal itirdik"
O, matçın sonunda Luis Paçu və Rati Ardazaşvillini əvəzedilməsini şərh edib: "Oyunun gedişatında futbolçular yenilənməlidir. İlk dəqiqələrdəki güclə bu bir deyil. İstədik ki, hücumda daha çox sürəti artıraq. Hətta bəzi epizodlarda bu alındı. Sadəcə qol vura bilmədik. Daha çox üstünlük yaratmaq üçün belə addım atdıq. Sadiq Şəfiyev də Ehtiram Şahverdiyev də pis təsir bağışlamadı".
Bağırov Camal Cəfərovun 3 real epizodu dəyərləndirə bilməməsi barədə danışıb: "Texniki keyfiyyətlərdir. Onun artıq 22 yaşı var, gənc deməzdim. Sadəcə qol duyumu və epizodu hiss etməkdə bir az geri qalır. Məncə, gənclərə daha çox şans yaratmaq lazımdır".
Baş məşqçi Muhammadu Banın durumu ilə bağlı bunu deyib: "Sabahdan məşqlərə başlayacaq. Ümumən durumu normaldır. Sadəcə topuğunda şiş var".