
AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyevi 5 oyunluq cəzalandırıb.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb türkmənistanlı mütəxəssisin Azərbaycan Premyer Liqasının XXX turunda evdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdikləri oyunda qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi olub.
Berdıyev 3-ü şərti olmaqla 5 oyunluq cəzalanıb, klubu isə 4 000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
Eyni matçda "Turan Tovuz" 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat, azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə 800 manat, hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə 1 000 manat cərimələnib.
"Sabah" klubu isə futbolçusu Pavol Şafrankonun ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 500 manat ziyana düşüb. 31 yaşlı slovakiyalı hücumçu 1 oyunluq diskvalifikasiya edilib.
Qeyd edək ki, "Turan Tovuz" növbəti turda "Araz-Naxçıvan"ın qonağı olacaq, "Sabah" isə "Səbail"i qəbul edəcək.