
"İlk növbədə, azarkeşlərə təşəkkür etmək istərdim. Bu gün stadionda tam başqa ab-hava idi. Çoxdandır yerli oyunlarımızda bu arenada belə azarkeş dəstəyi olmamışdı".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXI tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssisin sözlərinə görə, azarkeşlərin çoxluğu həm özü üçün çox xoş olub, həm də futbolçulara əlavə motivasiya verib: "Onları hər oyunda gözləyirik. İstərdim ki, sayları daha da artsın. Azarkeşsiz futbol çox zəif görünür. Bugünkü oyun çox az sayda azarkeşlə keçirilsəydi, bu qədər maraqlı oyunun bəlkə də şahidi olmazdıq".
Qurbanov çox vacib qalibiyyətə görə komandasını təbrik edib: "Futbolçularımdan xeyli razı qaldım. Ən vacibi, sürət və dinamikanı sonadək qoruyub saxlaya bildilər. Çünki qarşılarında çox təhlükəli əks-hücuma keçən kollektiv var idi. Hücumda ola-ola müdafiədə diqqətli olmaq bizim üçün çox vacib idi. Bu gün bunun şahidi olduq. Buna baxmayaraq, yenə də "Neftçi" bir neçə qol epizodu yaratdı ki, bu, onların gücündən xəbər verir".
O, "Neftçi"yə və həmkarı Samir Abasova uğurlar arzulayıb: "Ola bilər ki, son vaxtlar Abasov üçün düşündüyü futbolu göstərmək o qədər də asan deyil. Amma mən bir baş məşqçi olaraq, görürəm ki, bizə meydanda çətinliklər yaradırlar. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edəcəklər".
Qurbanov "90 dəqiqə boyunca təzyiqi davam etdirmələrinin əvvəlcədən planda olmadığını söyləyib: "Yanvardan bəri bizim məşq üçün uzunmüddətli vaxtımız olmamışdı. Milli komandaların oyunları ilə əlaqədar fasilə müddətində komandanı daha yaxşı bərpa etməyə və daha aktiv, daha dinamik məşqlər keçməyə vaxtımız oldu. Bu imkanlardan bugünkü oyunda yararlana bildik. Açığı, futbolçularda ağırlığın olacağına dair bir qədər narahatlığım var idi.Çünki güc, sürət və dözümlülüyü bu həftə hər bir futbolçu lazımi qədər vermişdi. Amma görünən odur ki, planımızı düz tutmuşuq. Futbolçular da bunun nəticəsində 90 dəqiqə meydanda o güc və sürəti qoruyub saxlaya bildilər. Bunlar "Araz-Naxçıvan"a qarşı Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunu ilə əlaqədar deyildi, sadəcə, bugünlərdə futbolçuların idman formasını maksimum yaxşılaşdırmalıyıq".