
"Qarabağ"da xoşbəxtəm".
Bunu “Qarabağ”ın futbolçusu Yassin Benzia Azərbaycan Premyer Liqasının XXXI turunda evdə “Neftçi”yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra sportnet.az-a açıqlamasında deyib.
31 yaşlı yarımmüdafiəçi "Neftçi" üzərində qələbə barəsində danışıb: "Qalib gəldiyimiz üçün xoşbəxtik. Çoxlu qol fürsətləri yaxaladıq və bunların 3-dən yararlanmağı bacardıq".
Əlcəzairli oyunçu komandasının çempion olduğuna şübhə etmədiyini bildirib: "Qızıl medalları əldən verməyimiz mümkünsüz görünür. Bunun üçün gərək 5 oyunun hamısında uduzaq, “Zirə” isə 6 matçda da qalib gəlsin.
Təbii ki, bizim ardıcıl 5 oyunda məğlub olmağımız qeyri-realdır. Deyə bilərik ki, biz çempionuq. “Zirə”nin “Sumqayıt”la matçda xal itirib-itirməməsi barədə düşünmürük. Ümid edirəm ki, növbəti turda çempionluğumuzu rəsmiləşdirərik".
O, Azərbaycan Kubokunun 1/2 final mərhələsində "Araz-Naxçıvan"la cavab oyunu barədə danışıb: "Bu gün gözəl oyunla qələbə qazandıq. Belə oyunla "Araz-Naxçıvan"ı da üstələməyə çalışacağıq".
Benzia "Qarabağ"da xoşbəxt olduğunu söyləyib: "İyun ayına qədər müqaviləm var. Rəhbərliklə yeni sözləşmə barədə danışıqlarımız gedir. Burada xoşbəxtəm".