
"Turan Tovuz" komandasının yaxın 3 ildə hədəfi avrokuboklarda pley-off, mümkün olsa, qrup mərhələsinə vəsiqədən ibarət olacaq.
Sportnet.az xəbər verir ki, bu barədə klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Tovuz təmsilçisinin maddi-texniki bazası o qədər də geniş deyil: "Tovuzda əsas komanda üçün binanın açılışını etdik, indi də Kürdəxanıdakı meydançamızı istidadəyə verdik. Çox böyük vəsaitlər gedib. Bu xərci oyunçulara sərf edərək, çox asanlıqla nailiyyət əldə edə bilərdik. Amma biz o yolu seçmədik. Dayanıqlı inkişafla hədəflərimizə doğru addım-addım irəliləyəcəyik. Ümidvaram ki, yaxın 3 ildə planlarımızı gerçəkləşdirə biləcəyik".
Quliyevin fikrincə, "Turan Tovuz" azarkeşlərinin bu qədər gözləməyə səbri çatacaq: "Onlar qalibiyyətdə də, məğlubiyyətdə də komandanın yanındadırlar, "Turan Tovuz"u təmənnasız sevirlər. Komandanın uzun müddət - 9 il Premyer Liqada iştirak etmədi, amma onların sevgisi azalmadı. Azarkeşlərimizin yanımızda olduğuna dair zərrə qədər də şübhəmiz yoxdur".
Qeyd edək ki, hazırda "Turan Tovuz" 31 oyundan 48 xalla turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.