
Elşən MƏMMƏDOV
Bu gün Milli Qəhrəman, "Qarabağ"ın futbolçusu və baş məşqçisi olmuş Allahverdi Bağırovun doğum günüdür.
Gələn ilin bu günü isə 80 yaşı - yubileyi olacaq.
Allahverdi Bağırov I Qarabağ müharibəsi zamanı 1992-ci il iyunun 12-də şəhid olub.
Əlbəttə, şəhidlik, xüsusən də Milli Qəhrəman adı ən uca zirvədir, digər fəaliyyət və nailiyyətlər bu adlarla heç bir halda müqayisə oluna bilməz. Lakin əgər söhbət həm də futbolçu və baş məşqçidən gedirsə, niyə ən azından AFFA bu barədə bir tanıtım etməməlidir?
UEFA-ya xoş getməz? Sanksiya tətbiq edə bilərlər?
Futbolun kütləviliyindən danışırıqsa, onu hamı oynaya bilər. O cümlədən hərbçilər də. Əks halda, ən sivil qitə sayılan Avropanın çeşidli ölkələrində MOİK adlı klub fəaliyyət göstərməzdi.
Allahverdi Bağırov hərbçi adını daşıyan komandada olmasa da, cəbhə bölgəsində mərmilər altında oyunlarını keçirən komandanın sabiq baş məşqçisi olub, elə həmin vaxt da "Qarabağ"ı diqqətdən kənarda qoymayıb. O, uğurlu komandir olmaqla yanaşı, həm də çox bacarıqlı futbolçu və baş məşqçi olduğunu da nümayiş etdirib.
1970-ci ildə Füzulidə "Qızıl sünbül" kubokunda "Ağdam" — "Cəbrayıl" oyununda, "Ağdam" klubunun kapitanı olub, 1976-cı ildə klubun baş məşqçisi təyin edilib və həmin ildə keçirilmiş Ümümittifaq birinciliyində Azərbaycanın dördüncü yer tutmasında böyük əməyi olub. Keçmiş futbolçu, hazırda "Qarabağ"da məşqçi kimi çalışan Müşfiq Hüseynov Allahverdi Bağırovu özünün ilk məşqçisi sayır.
Yəni, bütün bunlar ona əsas verir ki, Allahverdi Bağırovdan həm də futbolçu, baş məşqçi kimi bəhs olunsun, bu barədə AFFA və UEFA-nın rəsmi saytlarında məqalələr dərc edilsin.
Dünyada qələmini süngüyə, süngüsünü qələmə dəyişən bir çox yazıçı və şairlər var. Onlar barəsində heç kim "Hərbçi olub" deyərək, yazılarını kənara tullamır.
Bu baxımdan, Allahverdi Bağırovun futbolçu kimi fəaliyyətinin, zəhmətinin AFFA və UEFA səviyyəsində qabardılmasına ehtiyac var. Çünki o, həm futbol, həm də hərbi cəbhədə vuruşan nadir şəxsiyyətlərdəndir.
80 illik yubileyinin həm də futbolçu kimi qeyd ediləcəyi ümidi ilə...