
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qarabağ" - "Araz-Naxçıvan" cavab oyununda baş hakim Rəvan Həmzəzadə bir dəqiqə ərzində iki kobud səhvə yol verib.
Sportnet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 32-ci dəqiqəsində Muxtar Respublika təmsilçisinin futbolçusu Ramon Maçado hücuma çıxmaq istəyərkən, "köhlət atlar"ın üzvü Mateus Silva onun qarşısını almağa çalışarkən topa əli ilə toxunub.
"Araz-Naxçıvan"ın oyunçuları və baş məşqçi Elmar Baxşıyev baş hakimə üstünlük prinsipinə sadiq qalaraq hücumu dayandırmamaqla bağlı etiraz etdiyi zaman, referi topun Silvanın deyil, Maçadonun əlinə toxunduğunu bildirirək Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın lehinə qərar verib.
"Araz-Naxçıvan" futbolçuları bu qərara etiraz etdikdən cəmi 30 saniyə sonra daha bir haqsızlıqla üz-üzə qalıblar. Həmzəzadə 33-cü dəqiqədə Ağdam təmsilçisi sağ cinahdan Leandro Andrade ilə hücum edən zaman qonaq komandanın müdafiəçisi Urfan Abbasov onun qarşısını almağa çalışıb.Topu cərimə meydançasına göndərməyə çalışan Andrade Məmmədlidən dönən topa toxunaraq meydandan çıxmasına səbəb olub. Baş hakim Rəvan Həmzəzadə isə bu epizodda da "Araz-Naxçıvan" tərəfinə deyil, haqsız olaraq "Qarabağ"ın lehinə qərar verib. Onun fikrincə, topa son olaraq Andrade deyil, Məmmədli toxunub.
Qeyd edək ki, hazırda fasilə olan qarşılaşmada hesab açılmayıb - 0:0. Tərəflər arasında keçirilən ilk matçda "Araz-Naxçıvan" minimal hesablı qələbə qazanıb - 1:0.