
Azərbaycan Premyer Liqasında XXXII turun açılış oyununda “Turan Tovuz” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilmiş görüş heç-heçə ilə yekunlaşıb - 1:1.
Baş hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşmada ilk qolu 54-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Kauan Martins vurub. 2 dəqiqə aradan sonra isə qonaq komandanın ən məhsuldar oyunçusu Brahim Konate fərqlənərək hesabı bərabərləşdirib. Bu, fransalı yarımmüdafiəçinin çempionatda 8-ci qolu olub.
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev cəzalı olduğu üçün oyunu tribunadan izləyib.
Onun komandası xalını 49-a çatdıraraq, 4-cü pillədəki yerini dəyişməz saxlayıb. Ayxan Abbasovun kollektivi isə 35 xalla 6-cı pilləyə yüksəlib.
Qeyd edək ki, turun növbəti görüşləri 26 - 28 apreldə keçiriləcək.
------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Turan Tovuz" "Şamaxı"nı qəbul edəcək.
Saat 19:00-da start götürəcək görüşü FIFA referisi Kamal Umudlu idarə edəcək.
31 turdan sonra "Turan Tovuz" 48 xalla 4-cü, "Şamaxı" 34 xalla 7-ci pillədə qərarlaşıb. Tovuz komandası öz meydanında uduzsa, 61 xalla 2-ci pillədə olan "Zirə" minimum Konfrans Liqasına vəsiqəni təmin edəcək. Eyni zamanda, Şamaxının eyniadlı təmsilçisi ən azı aprelin 28-dək 6-cı pilləni ələ keçirəcək.
İndiyədək Tovuz və Şamaxı təmsilçiləri 7 dəfə üz-üzə gəliblər. Bunların 4-də "Turan Tovuz", 1-də "Şamaxı" qalib gəlib, 2 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti də tovuzluların xeyrinədir - 10:8. “Turan Tovuz” bu qarşılaşmaların hamısında qol vurubsa, “Şamaxı” son iki görüşdə uduzub.
Azərbaycan Premyer Liqası, XXXII tur
25 aprel (cümə)
19:00. “Turan Tovuz” – “Şamaxı” - 1:1
Qollar: Kauan Martins, 54 - Brahim Konate, 56
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun qalan oyunları 26 - 28 apreldə keçiriləcək.