
“İkinci qolu vursaydıq, sonluq bizim üçün daha rahat ola bilərdi”.
Sportnet.az xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının XXXII turunda səfərdə “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis gərgin keçən qarşılaşmanı belə şərh edib: “Gözlədiyimiz kimi, çətin oyun keçdi. Nəzərə alsaq ki, qış fasiləsindən sonra “Kəpəz” 7 ev oyununun heç birində məğlub olmamışdı. Həmin rəqiblər içərisində güclü komandalar da olub. Bilirdik ki, əzmkar oyun olacaq və hər xal üçün meydanda mübarizə gedəcək. Əlimizfən gələni etdik ki, oyunu üstün keçirək. Yaxşı başladıq, təhlükəli hücumlarımız vardı. Son dəqiqələrdə qapı tirindən dönən zərbəmiz və qapıçının etibarlı çıxışları oldu. Rəqib bizə meydanda rahat oynamağa imkan vermirdi. Buna baxmayaraq, futbolçularım ikinci hissədə sürəti artırdı və daha çox hücum etdi. Qol vurduqdan sonra rəqib daha riskli oynadı, böyük qüvvə ilə irəli getdi. O məqamda da biz müdafiə olunub, əks-hücumlara bel bağladıq. Qol epizodlarımız oldu, amma istifadə edə bilmədik. Amma sevinirəm ki, olduqca vacib 3 xal qazandıq. Futbolçularım daha istəkli, inamlı oynadı. Əllərindən gələn hər şeyi meydanda etdilər ki, bu gün qalib gələk".
Sadıqov qarşıdakı 4 oyundan gözləntilərini də açıqlayıb: "Qalan oyunlarımızın hamısına yaxşı hazırlaşmalıyıq ki, qələbələr qazanaq. Sona yaxıınlaşdıqca hər komanda daha istəkli olur. Ona görə bu oyunu geridə qoyub, “Turan Tovuz”la matça hazırlaşmalıyıq”.
Təcrübəli mütəxəssis mövsümü ikinci pillədə başa vuraraq, Avropa Liqasına yollanmağı əsas hədəf kimi qarşıya qoyduqlarını qeyd edib: “Düşünürəm ki, Avropa Liqasına vəsiqə üçün 3 komandanın şansı qalıb - “Sabah”, “Araz-Naxçıvan” və biz. Hər üç komanda bu turnirdə çıxış etmək istəyir. Bir uduzmaq limitin var. Yəqin, hər üç komanda sona qədər mübarizə aparacaq. Bizim üçün sevindirici haldır ki, sona 5 tur qalmış avrokuboklara vəsiqəni təmin etdik. Qarşımıza qoyulan hədəf bu idi. Medal qazanaraq avrokuboka düşmək ayrıca sevindirici amildir. Qarşıda bizi 4 oyun gözləyir. Hazıda düşündüyümüz ikinci pilləni tutmaq və sona qədər bunun üçün mübarizə aparmaqdır. Necə olacaq, bunu zaman göstərəcək. Çünki qarşımızda əzmkar rəqib var. “Araz-Naxçıvan” bilirik, sona qədər təslim olmayacaq. Çempionatda ən əzmkar, ən xarakterli klublardan biridir. Biz də eyni dirənci göstərməli, sona qədər diqqəti itirməməliyik. Əlimizdən gələni edərək növbəti oyunlarda qalib gəlib, mövsümü ikinci yerdə başa vurmağa çalışacağıq”.
Sadıqov ötən mövsümkündən daha fərqli komanda formalaşdırması barədə də danışıb: “2021-ci ildə çempion “Neftçi” olduqdan sonra 4 mövsümdür “Qarabağ”ın dominantlığı var, böyük xal fərqi ilə çempion olur. Amma digər avrokuboklara oynayan komandaların səviyyəsi aşağı-yuxarı eynidir. Komandalar arasında ciddi fərq yoxdur. Sadəcə, kimdəsə nə isə uğurlu alınır, kimdəsə uğursuz. Yaxud həlledici oyunlarda sən qələbə qazanırsan, rəqib məğlub olur. Halbuki əks təqdirdə, tam fərqli gedişat ola bilər. Bugünkü “Zirə”ni digər klublarımızdan fərqləndirmirəm”.
Baş məşqçi ötən mövsüm “Zirə”nin praqmatik oyun sərgilədiyi halda, cari mövsüm parlaq çıxışının səbəbini belə izah edib: “Keçən il kim bizdən yaxşı oynayırdı? Hamı nəticə qazanmaq istəyir. Hamımız istəyirik ki, həm gözəl futbol oynayaq, həm də nəticələrimiz yaxşı olsun. Bu il risk etdiyimiz məqamlar daha çoxdur. Hər şeyin vaxtı var. Mənim üçün "Qarabağ", Qurban Qurbanov bir məktəbdir. Biz də bir gün o səviyyəyə gələrik. Həm nəticələrimiz yaxşı olar, həm oyunumuz hamını məmnun edər. Müəyyən mövzular var ki, razı deyiləm. Amma mövzunu uzatmaq istəmirəm. Futbolçularımdan çox razıyam".
"Bu mövsüm qış fasiləsinə qədər 7 oyunda cəmi 1 qələbəmiz var idi. Sonra qış fasiləsinə yaxın 4 oyunda 10 xal topladıq. Sonra isə uğurlu seriyamız oldu. Builki komanda daha uğurludur, razıyam. Amma keçən illəri də uğursuz çıxışdan sonra ikinci pilləni də tutmaq asan deyildi", - deyə Sadıqov fikirlərini tamamlayıb.
Haşım MƏMMƏDOV