
"İlk növbədə, futbolçularımı bir illik əziyyətdən sonra belə bir uğur əldə etdiklərinə görə təbrik edirəm. Bu, məni sevindirir. Çempionluğun sayı bəlkə çox görünür, amma buna baxmayaraq, komandanı istəkli saxlamaq, futbolçuların özlərinin istəkli olmaları çox vacibdir. Bu mövsüm də bunun şahidi oldum. Hər birinə təşəkkürmünü bildirirəm".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sabah" komandası ilə 1:1 hesablı heç-heçə edərək, 12-ci dəfə Azərbaycan çempionu olduqları Premyer Liqanın XXXII tur matçından sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis meydanda əsl çempionluq qarşılaşmasının getdiyini bildirib: "Hər iki komandanın ifasında yaxşı oyun, sürət və dinamika var idi. Əlbəttə, belə çox gözəl ab-havaya malik stadionda oynamaq həmişə xoşdur". Azarkeşlərimiz də bu çempionluğu haqq etdilər. Çünki ilboyu yağışda, qarda, soyuqda bizimlə oldular. Elə bir oyun olmadı ki, bizi tək qoysunlar. Onları da təbrik edirəm".
O, futbolçuları motivasiyada saxlamağın asan olmadığını söyləyib: "Onların istəyi və arzusu olmasa, bunu etmək çətin olar. İlk dəqiqələrdən sona kimi yaxşı mübarizə apardılar. Hər uğurun ilkləri daha ləzzətlu olur. Mən isə həmişə növbəti uğuru istəmişəm".
Qurbanov oyunda heyəti tam dəyişdiyini vurğulayıb: "Son matçlarda demək olar, eyni heyətlə oynayırdıq. Yorğunluq hiss olunurdu. Ona görə də uşaqları qorumaq istəyirdim. Yükləmə olanda bərpa bir az zaman alır. Çoxdan oynamayan uşaqlar da dinamikanı qorumağa çalışdılar. Onlara təşəkkür edirəm. Hər çempionatda belə heyətlə oyunlarımız olur və onlar çempionluqda böyük pay sahibidir".
O, oyundakı yeganə qolu penaltidən vurmalarında qeyri-adilik görmədiyini açıqlayıb: “Penaltidən qol vurmaq o demək deyil ki, penalti olmasaydı, qalib gəlməyəcəkdik. Bu, futbolun, ümumən hücumun bur hissəsidir. O epizod oımasa da, futbolçunun qol vurma ehtimalı çox olur. İl ərzində 3-4 penaltidən hansısa xal əldə edirsən. Yaxşı epizodlarımız da oldu. Təbii ki, “Sabah”ın oyununu həmişə dəyğrləndirmişəm. Çünki çox sürətli və texnikalı hücum, təcrübəli futbolçulardan qurulmuş müdafiə xətti var. Bu komandaya qarşı yaxşı oyun göstərmək üçün daha çox hazırlaşmalı və daha yaxşı analiz etməliyik. Çünki düşünülmüş hücumları var. Bir epizodda səhv etsək, baha başa gəlir. Hansı ki cüzi diqqətsizlikdən qapımızda qol gördük. Sadəcə, oyunlarına, sisteminə və klubun iş prinsipinə çox pozitiv yanaşıram. Yalnız xoş sözlər demək olar”.
Baş məşqçi növbəti oyunlarda da rotasiya edə biləyəcəyini istisna etməyib: "Çalışıram ki, futbolçuları idman formasını saxlayım. Gedişata görə addımlar atacağıq".
Qurbanov komandasında mümkün köklü dəyişikliklər barədə danışıb: "Köklü dəyişiklik ağır gəlir. Duruma uyğun addım atmaq istəyirik. Hansı futbolçu ilə işləmişəmsə, onu göndərmək istəməmişəm. Onların əziyyətini görürəm. Buna görə kimisə göndərmək istəmirəm. Baş məşqçi kimi ayrılıqlar çətin gəlir. Komandaya yeni nəfəs vermək, aktivləşdirmək üçün imkanımız olsa, addımlar atacağıq. Heyətimizə yeni oyunçular qatmaq istəyirik. Bəzi gedən futbolçuların yeri boş qalıb. Qlobal dəyişiklik olacağını demək olmaz".
Baş məşqçi klubun prezidenti Tahir Gözəlin yayda 4-5 futbolçunun transferinin gözlənilməsi və indidən gözaltı etdiyi oyunçular barədə suala belə cavab verib: “Hər ilin sonunda, yekununda rəhbərliklə müzakirələrimiz, qarşılıqlı təşəkkürlərimiz olur. İlboyu hər birimizin üzərinə düşən vəzifə var. Onu biz düzgün, layiqincə yerinə yetirsək, sonda birlik möhkəm olsa, nəticədə uğur da olur. Mütləq müzakirələrimiz olacaq. Bizim illər boyu diqqətimiz yay "transfer pəncərəsi"nə olub ki, daha çox oyunçu dəvət edə bilərik. Olub ki, 4-5 oyunçu transfer etmək istəmişik, amma 2 futbolçu ilə tamamlamışıq. Çünki transfer o qədər də asan deyil".
Qurbanov gözaltı etdiyi futbolçuların olduğunu, amma onları bəzən əldə edə bilmədiklərini diqqətə çatdırıb: "Son vaxtlar Avropaya daha çox meyllidirlər. Bizim kimi və ya bizdən bir az yuxarı futbol ölkələrində ümumi struktur daha da yaxşılaşıb, maliyyə cəhətdən daha da böyüyüblər. Ona görə də futbolçuları bura gətirmək heç də asan deyil. Amma hər bir halda həmişə demişəm ki, komandaya yeni nəfəs lazımdır. Daha da uğurlu nəticə əldə etmək istəyiriksə, daha çox çalışmalı, iş saatımızı çoxaltmalıyıq. Alınsa, hər xətdə 2 oyunçu götürsək, bunların sayı 5-6 olacaq. Planımızda var. Xeyirlisi olsun”.
O, Marko Veşoviç və bəzi legioner futbolçuların yayda komandanı tərk edəcəklərinə dair iddiaları da cavablandırıb: “Bu barədə fikirlərimi bildirdim. Heç bir futbolçu ilə ayrılmaq asan deyil. İstərdim ki, oyunçularımla illərlə birlikdə işləyək. Çünki biz bir-birimizi tanıyır, tələbimizi daha yaxşı anlayır və yerinə yetirməyə çalışırıq".