
İngiltərənin "Liverpul" klubunun futbolçusu Trent Aleksander-Arnold cari mövsümün sonunda komandanı tərk edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə 27 yaşlı müdafiəçi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Bu, həyatımda verdiyim ən çətin qərardır. Bilirəm ki, bir çoxlarınız niyə bu barədə danışmadığım üçün maraqlanmısınız və ya üzülmüsünüz, amma mənim niyyətim həmişə bütünlüklə komandanın maraqlarına, yəni 20-ci titulumuzu qazanmağa yönəlmək olub.
20 ildir ki, bu klub mənim bütün dünyamdır.
Akademiyadan bu günə kimi klub daxilində və xaricində hər kəsdən hiss etdiyim dəstək və sevgi həmişə mənimlə olacaq. Sizin hamınıza hər zaman borclu qalacağam.
Son 20 ildə hər kəsə - məşqçilərimə, menecerlərimə, komanda yoldaşlarıma, heyətimizə və inanılmaz azarkeşlərimizə - ürəkdən təşəkkür etmək istərdim. "Liverpul"a olan sevgim heç vaxt ölməyəcək", - deyə ingilis futbolçu bildirib.
Aleksander-Arnold Mersisayd təmsilçisinin yetirməsidir. O, 2016-cı ildən əsas komandanın üzvüdür.
Qeyd edək ki, Trent Aleksander-Arnoldun "Liverpul"la müqaviləsi iyunun 30-dəkdir.