
Elşən MƏMMƏDOV
"Şəfa" - "Şahdağ Qusar" oyunu ilə bağlı təşkilatçılıq, azarkeşlik və ajiotajdan xeyli yazdıq, müsbət fikirlər səsləndirdik.
Tərifəlayiq məqamlar öz yerində, lakin mənfini də qeyd etməmək olmur. Bu, "ASK Arena"nın süni örtüyünün vəziyyəti ilə bağlıdır.
Bu stadionda ilk dəfə hələ "Termist" adlandırıldığı vaxt olmuşam. Təmir işləri, "Şəfa" stadionu adlandırılması, UEFA-nın pulunu qapazlayıb təbii örtüklü meydança salınması, sonra yaxınlıqdakı marqarin zavodunun iyinin təbii ota ziyan vurduğunu bəhanə edərək, örtüyünü süni etmələri, daha sonra onu da söküb bir daha süni etmələrinin hamısını xatırlayıram.
Hələ arxa tərəfdəki 4-cü meydança adlandırılan süni örtüklü, tribunalı stadionun hansı vəziyyətdə olduğunu da 10 il əvvəl görmüşəm. Hansı ki, I Liqanın oyunları məhz orada keçirilirdi.
"Şəfa" - "Şahdağ Qusar" görüşünü televiziya vasitəsilə izlədiyim vaxt əsas meydanın hətta rulonlarının kəsişməsinədək göründüyü, bəzi yerlərdə süni otların tam keçəlləşdiyi, yanlarında da təbii ot kimi görünən yaşıl zolaqların yarandığı diqqətimi çəkdi.
Bəzi dostlardan maraqlandım, dedilər ki, 4-cü meydançada vəziyyət daha acınacaqlıdır, süni örtüyün özü artıq cırıq-cırıq olub.
Deyilənlərə görə 4-cü meydançanın saatlıq icarəsi 100 manata, əsas meydançada bir oyunun qiyməti isə 2 500 manatadır.
Bu qədər vəsait hara toplanır və hara xərclənir?
Stadion bir müddətdir "ASK Arena" adlanır, meydanın kənarında Azərbaycan Sənaye Korporasiyasının (ASK) banneri qoyulub. Lakin ASK-nın özü bir neçə ay öncə ləğv olunub. Bu halda, "ASK Arena"ya kimin cavabdehlik daşımasının özü də maraqlıdır.
Yəni, doğrudanmı şəhərin mərkəzində, Bakının ən böyük prospekti üzərində salınmış üstü bəzəkli, içi aydın məsələ olan obyektin sahibi yoxdur?