
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub oldu. 55 xalla üçüncü yerdə qərarlaşan Elmar Baxşıyevin komandasını dördüncü pillədəki "Turan Tovuz"dan 6 xallıq fərq ayırır. Bu da mövsümün sonuna 2 tur qalmış avrokuboklara vəsiqə uğrunda gərginliyi xeyli artırır.
"Azersun Arena"da baş tutan qarşılaşmadan sonra "qırmızı-ağlar"ın kapitanı Vadim Abdullayev Sportnet.az-ın suallarını cavablandırıb:
- "Qarabağ"a qarşı oyunu necə dəyərləndirirsiniz?
- Danışılası çox şey yoxdur. Bizim günümüz deyildi, demək olar ki, heç nə alınmadı. Özüm də yaxşı çıxış etmədiyimə görə, çox şey deyə bilməyəcəyəm.
- Həm özünüzün, həm də komandanızın performansından narazısınız?
- Bəli. İstədiyimiz heç nə alınmadı. Bəlkə də oyuna köklənə bilmədik. Çempionatın sonudur, dəqiq səbəbi bilmirəm. Belə çempionat oyunlarımız tək-tük olub. Bu dəfə də bizim üçün faciəvi günlərdən biri oldu.
- Bəlkə bu, çempionatı üçüncü yerdə bitirmək istəyi ilə bağlı yaranan psixoloji gərginliklə bağlıdır?
- “Qarabağ”ın gücü, keyfiyyəti hamıya bəllidir. İstər əsas heyət üzvü olsun, istər başqası, hər biri keyfiyyətlidir. İllərdir çempionatın ən güclü komandasıdır, onlara qarşı oyunlar həmişə gərgin keçir. Bu il bütün oyunlarımız maraqlı olub. Bəlkə bu dəfə bizdə bir az arxayınlıq vardı. Bəzən elə şeylər olur ki, özün də anlamırsan. Çalışırsan, amma anlaya bilmirsən. Bu, qeyri-adi bir şey deyil.
- Mövsümün əvvəlində 15 oyun məğlubiyyətsiz seriya yaxalamışdınız. Qış fasiləsindən sonra nə baş verdi ki, nəticələr zəifləməyə başladı?
- Çempionatda ən məhdud heyətə malik komanda bizik. Bu il də həddindən artıq zədələr, əməliyyat keçirənlərimiz oldu. Əsas heyətdən bir neçə oyunçumuz sıradan çıxdı. Təbii ki, bu da təsirsiz ötüşmədi. Zədədən qayıdan futbolçularımız da formaya düşə bilmədi. Futbol elədir ki, ritmi tutub gedirsən, amma hər an da eniş ola bilir. Ard-arda zədələr oldu. Amma bizim çox az məğlubiyyətimiz var. Bəzi oyunları dişimiz-dırnağınız hesabına qurtarmışıq ki, heç olmasa uduzmayaq, bərabərə qalaq. Həmin xallar bu gün bizə kömək olur.
- Komanda daxilində ab-hava necədir?
- Uduzansa heç vaxt yaxşı olmur. Komandamızdakı oyunçular çox xarakterlidir. İstər oyunlarda, istərsə də məşqlərdə. İstədiyimiz nəticə olmayanda paltardəyişmə otağında da vəziyyət o olmur.
- Məğlub olanda baş məşqçi Elmar Baxşıyev sizə nə deyir, özündən çıxırmı?
- Belə oyuna kim əsəbiləşməz ki?! Uduzmağın da təhəri var. Heç bir baş məşqçi bu cür məğlubiyyət görmək istəməz. Biz belə komanda deyilik. Elmar Baxşıyev də belə istəksiz, aciz komanda görmək istəməzdi. Ona görə də narazıdır.
- Konfrans Liqası barədə nə düşünürsünüz?
- Mövsümün əvvəlindən hədəfimiz avrokuboklara vəsiqə qazanamaq idi. Ona görə də hamımız əlimizdən gələni etmişik, çətinliklərdən keçmişik. İnanıram ki, istədiyimiz yeri tutacağıq. Mən və komanda yoldaşlarım üçün qürurverici hissdir. İstəyirik ki, Azərbaycanı Avropada layiqincə təmsil edək.
- Son oyunlarda qeyri-sabit çıxışınız avrokubokda sizi çətinə sala bilərmi?
- Deməzdim, çünki ayrı turnirlərdir. Heyətimiz necə olacaq, hansı dəyişikliklər baş verəcək, onu indi heç kəs bilmir. Amma hər oyununun öz hökmü var. Bu gün pis oynayıb, orada daha yaxşı çıxış da edə bilərsən. Yaxud yeni transferlər komandaya can verə bilər. Bunu zaman göstərəcək. Təki Avropaya yollanaq, ondan sonra baxacağıq.
- Mövsümün sonunda müqavilə müddətiniz başa çatacaq. Bununla bağlı klubla danışıqlara başlamısınızmı?
- “Araz-Naxçıvan”ın mənim üçün yeri ayrıdır. Bu yolumu hamı bilir, heç yerdən gəldim düşdüm komandaya, kapitan oldum. Buradan milliyə də dəvət aldım. Əsas olan klubun fikridir. Adıma yaraşmaz ki, klubla danışmadan qərar verəm, klubdan gedəm. İstəyərlərsə, qalıb can-başla xidmət edərəm, istəməzlərsə, yenə də sağ olsunlar. Elmar müəllimlə münasibətimiz hər zaman yaxşı olub. Elə tip insanlardandır ki, inanmıram, hansısa futbolçunun karyerasında ona qarşı inciklik olsun. İki həftə sonra çempionat bitir. Yəqin bu ərəfələrdə hər şey bilinəcək.
- Millinin Latviya və Macarıstanla yoldaşlıq oyunları yaxınlaşır. Öz adınıza dəvət gözləyirsiniz?
- Həyatda ən sevmədiyim layiq olmadığım şeyi əldə etməkdir. Bu gün nəyəmsə, onu istəyirəm. Çağırmasalar. heç pis olmaram. Çünki vaxtında formada olanda çağrılmışam. Yığmadan qayıdıb, zədə aldım və eniş yaşadım. Bu da normal haldır, zəmanət yoxdur ki, futbolçu daim formada olacaq. Ona görə də mütləq məni çağıracaqlar deyə bir şey yoxdur. Bu dəqiqə onu deyil, sırf klubu düşünürəm.
- Yəni indiki halda özünüzü milliyə layiq görmürsünüz?
- Şəxsən özümü yığmaya layiq görmürəm. Bunu səmimi etiraf edirəm.
- Martdakı toplanışda “Araz-Naxçıvan”dan milliyə oyunçu fəvət olunmadı. Bəs bu dəfə kimisə layiq görürsünüz?
- Bir çoxunun adını çəkə bilərəm. Qara Qarayev Azərbaycan futbolunda iz buraxmış oyunçularındandır. Müzakirə etməyin belə, mənası yoxdur. Elə futbolçudur ki, milliyə çağırılmalıdır. Bu adamın illərdir futbolda etdikləri göz qabağındadır. Həmişə demişəm ki, oyunçuda liderlik gücü olmalıdır ki, Qarada o var. Urfan Abbasov, Ömər Buludov və s. kimi adlar çəkmək olar. Komandamız üçüncü pillədədir və avrokuboklar üçün mübarizə aparırsa, deməli, yerli oyunçuların hamısı yığmaya layiqdir. Əbəs yerə buralara çatmamışıq.