
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az-ın məlumatına görə, toplantıda Azərbaycan Premyer Liqasında çıxış edən klublara futbolçuları və azarkeşlərinə görə cəzalar tətbiq edilib.
XXXIV turun “Şamaxı” ilə ev oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sabah” klubu 500 manat cərimələnib.
“Sumqayıt”la ev matçında 6 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat ziyana düşüb.
Klub daha 1000 manat cəriməni azarkeşlərinin rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirmələri və bu halın cari mövsümdə 4-cü dəfə təkrarlanması ilə əlaqədar ödəyəcək. Gəncəli fanatlar oyun bitdikdən sonra isə pirotexniki vasitədən istifadə etdiklərinə görə klub 1500 manat da ödəməli olacaq.
İntizam Komitəsi 89-cu dəqiqədə futbolçular arasında yaşanmış münaqişə ilə əlaqədar da tədbirlər görüb.
“Sumqayıt”ın qapıçısı Rəşad Əzizli və kapitan Vüqar Mustafayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün hərəyə 2 oyun şərti olmaqla 4 oyunluq cəzalanıb, klub üst-üstə 6 000 manat cərimə edilib. Hər iki oyunçuya 3 aylıq sınaq müddəti təyin olunub.