
Mayın 18-də Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" Almaniya II Bundesliqasında son oyununu keçirəcək.
Sportnet.az xəbər verir ki, komanda səfərdə "Ayntraxt Braunşveyq"lə üz-üzə gələcək.
Hazırda 45 xal olan Nürnberq təmsilçisi mövsümü ən yaxşı halda hazırda olduğu 10-cu, ən pis halda isə 11-cu pillədə bitirəcək.
"Nürnberq"in baş məşqçisi Miroslav Kloze "Ayntraxt Arena"da keçiriləcək oyundan öncə mətbuat konfransında mövsümün yekunlarını şərh edib: "Hədəfimiz baxımlı və sakit mövsüm keçirmək idi.
Mövsüm ərzində yalnız üç dəfə turnir cədvəlinin aşağı sıralarında olduq. Bunların hamısı ilk dövrə zamanı oldu. Mövsümün ikinci yarısında isə klubun aşağı liqaya düşməsindən çox liqada yüksəlmə ehtimalı var idi".
Əsas heyətdə bir neçə gənc və yüksək istedadlı oyunçuların yer aldığı "Nürnberq" komandası, bəzən çox cəlbedici futbolu ilə izləyicilərini heyran etdi, bu, "Maks-Morlok" stadionunda uzun müddətdir baş vermirdi.
Kloze deyir: "Düşünürəm ki, izləmək üçün baxımlı olan çoxlu maraqlı oyunlarımız oldu."
Ancaq mövsümün axırlarında komanda tempi itirdi və son yeddi oyunda yalnız bir qələbə qazana bildi.
"İndi mövsümün sonunda başa düşdük ki, biz artıq bacardığımız futbolu oynaya bilmirik, həddən artıq çox qol buraxırıq. Aşağı liqaya düşmək uğrunda mübarizədən tez çıxdıq, mövsümü daha sakit keçirdik", - deyə almaniyalı mütəxəssis bildirib.
"Emreli hazırdır və oynayacaq"
Klubun bu potensialdan istifadə edə bilməməsi qismən zədələrlə bağlıdır, bəziləri hələ də bərpa prosesi keçir. Qapıçı Mixal Kukuçka ötən həftə aldığı baldır zədəsini sağaldır. Kloze onu Kristian Mateniya ilə əvəz edəcək. Həmçinin sarı vərəqələrə görə cəzalı olan Rafael Lubax və Tim Dreksler, zədə səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan Yens Kastro da komandaya kömək edə bilməyəcək.
Baş məşqçinin sözlərinə görə, Ondrjey Karafiat və Mahir Emreli son zədələrinin ardından “tam formadadırlar və mütləq meydanda olacaqlar”. Mövsüm bitdikdən sonra klubdan ayrılacaq Emrelinin start "11-lik"də olacağı gözlənilir: “Oynaya bilsə, son bir neçə matçda yaxşı çıxış etdiyi üçün ilk dəqiqələrdən meydanda olacaq”, - deyə Kloze əlavə edib.
46 yaşlı mütəxəssis əsas heyətdə hər hansı geniş rotasiyalar etməyəcəyini və klubdan ayrılacaq futbolçularla qələbə ilə vidalaşmaq istədiyini bildirib.
Qeyd edək ki, mayın 18-də təşkil olunacaq “Ayntraxt Braunşveyq” - “Nürnberq” görüşü Bakı vaxtı ilə saat 17:30 başlayacaq.