
“Azərbaycanda ilk dəfə belə bir böyük yarış keçiririk. Ölkəmiz isə bu cür mötəbər tədbirlərin təşkilatçılığına öyrəşib. Hər dəfə də yüksək səviyyədə başa vurur. Biz də üzərimizə düşən işi Azərbaycana yaraşan səviyyədə görməyə çalıçacağıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatı barədə danışarkən deyib.
O, təşkilatçılıq sarıdan səhvlərin olacağını istisna etməyib: "Amma biz çalışacağıq ki, peşəkarlıqla onların üzərindən keçək. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ən böyük dəstəkçilərimizdir. Bunun öhdəsindən layiqincə gəlməyə çalışacağıq".
Nəsibov bu gün keçirəcəkləri Əfsanələr Kubokunu ənənəvi təşkil etmək istəklərindən söz açıb: "Bu turnirə marağın böyük olduğunu gördük. Biz də çalışacağıq ki, hər il belə turnur keçirək. Gələn il mayda da təşkil etmək istəyirik. Biz də federasiya olaraq ev sahibliyi etməyə çalışacağıq. Yəqin ki, gələn il də olacaq".
Federasiya rəsmisi dünya çempionatının Bakıda keçirilməsi ideyası üzərində 2022-ci ildən sonra bunu düşünməyə başladıqlarını açıqlayıb: "2023-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dünya çempionatı keçirilərkən federasiyamızın prezidenti Orxan Məmmədov belə təşəbbüs irəli sürdü ki, biz də istərdik belə çempionatın keçirilməsinə icazə verəsiniz. Bütün lazımı sənədləri topladıq və belə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədov oldu".
O, dünya çempionatının açılışında sürprizlərin olacağını bildirib: “Hər bir beynəlxalq yarışın güzgüsü açılışdır. Maraqlı şeylər düşünmüşük. Hamınız dəvətlisiniz. Sürpriz qalsın. Necə olacağına həmin gün siz qərar verəsiniz".
Nəsibov Azərbaycan millisinin uğurlu çıxışı üçün hər cür şəraiti yaratdıqlarını diqqətə çatdırıb: "Biz həm federasiyamızı ev sahibi kimi, həm də milli komandamızı təmsil edirik. Rəhbərlik olaraq, lazım olan qida, məşq, yarış üçün hər şəraiti yaratmışıq. Ev sahibi olaraq da lazımi işləri görmüşük. Xaricdə olanda belə həyacan keçirmirsən. Milli komandanın da psixoloji olaraq hazırlığı başa çatır. Hazırlşamışıq. İstəyirik ki, üç yerdən burini qazanaq. Komandaya demişik ki, ilk üç yerdən birini qazansanız, bizim üçün böyük hədəfdir".
AMF rəsmisi uğurlu çıxış qarşılığında milli komanda üçün mükafatın da nəzərdə tutulduğunu bildirib: "Mükafat danışılıb və olacaq. Federasiya prüzidenti tərəfindən qərar verilib, baş məşqçi Elşad Qyliyevə bildirilib. Düşünürəm ki, o da buna uyğun futbolçulara məlumat verəcək".
Qeyd edək ki, mayın 21-də start götürəcək dünya çempionatında 32 ölkə mübarizə aparacaq. Azərbaycan millisi A qrupunda ilk görüşünü mayın 21-də Bəhreynə qarşı keçirəcək. Oyun saat 20:30-da başlayacaq. İki gün sonra Sloveniya ilə üz-üzə gələcək milli saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fiti saat 19:30-da çalınacaq. Mundiala iyunun 1-də yekun vurulacaq.