"Əsl bayram ab-havası yaşadıq".

 

Bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Bakıda keçiriləcək minifutbol üzrə dünya çempionatına həsr olunan “Legends Cup” matçından sonra Sportnet.az-a açıqlamasında deyib.

 

"Premyer Liqa məşqçiləri" komandasının heyətində meydana çıxan veteran futbolçu təşkilatçılara təşəkkürünü bildirib: Birlikdə futbol oynadığımız adamlarla yenidən futbol oynamaq xoşdur. Oyun maraqlı keçdi. Bir az ağır oldu, bu da yaşla əlaqədardır. Təəssüratlarım yüksəkdir. Açığı, bu qədərini gözləmirdim. Buranı xoş əhval-ruhiyyə ilə tərk edirəm".

 

O, müasir futbolun inkişaf etdiyini söyləyib: "Yenidən futbolçu olsam, nəyisə dəyişəcəyimi demək çox asandır. Həm futbolda, həm də həyatda buraxdığımız səhvləri indi öz futbolçularımızdan uzaq tutmağa çalışırıq. Ən azı bununla kömək edə bilərəm. Bilirəm ki, çox şeyi dəyişə bilməyəcək. Bu gün futbol həddindən artıq irəli gedib. Bizim vaxtlarda oyuna baxmaq üçün əziyyət çəkirdin. İndi isə hər şeyi internetlə də öyrənə bilərsən".

 

Abasov Milli Gimnastika Arenasında təşkil olunan görüşdə "Neftçi" azarkeşlərinin iştirak edəcəyindən məlumatının olmadığını vurğulayıb: "Meydana çıxanda onları görən kimi həm təəccübləndim, həm də xoş oldu. Baş məşqçilərini tək buraxmadılar. Onlar bir nömrədirlər".

 

Qeyd edək ki, "Neftçi 2000-lər" və "Premyer Liqa məşqçiləri" arasında keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün penaltilərə ehtiyac duyulub. Baş məşqçilər daha dəqiq olaraq qalib gəliblər- 3:2.