
"Başda Vurğun Hüseynov olmaqla, rəqib komandanı təbrik edirəm".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in baş məşqçisi Elvin Məmmədov evdə "Sumqayıt"a 1:4 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXXVI tur matçından sonra mətbuat konfransında deyib.
37 yaşlı mütəxəssisin sözlərinə görə, komandasının Premyer Liqanı tərk etdiyi hələ 2 tur əvvəl bilindiyindən, futbolçuları oyunlara motivasiya etməkdə çətinlik çəkir: "I Liqaya düşməyimiz hələ XXXIV turda rəsmiləşmişdi. Belə vəziyyətdə komandanı hazırlamaq vəzifəmizdir. Lakin nə qədər çalışsaq da, o motivasiyanı saxlaya bilmirik. İlk yarıda oyunumuz daha yaxşı alındı. İkinci hissədə rəqib öz gücünü göstərdi. Bizdə isə eniş oldu və qollar buraxdıq. Çempionat zatən bizim üçün bitmişdi. Bundan sonrakı dövrə baxacağıq".
Məmmədov aparıcı futbolçulardan Gitay Sofiri ayağında problem olduğu üçün meydana buraxmadığını söyləyib: "Sofirin iki turdur ayağında problem var idi. Risk etmək istəmədik, gənc futbolçu Oruc Məmmədova şans verdik. Pis də çıxış etmədi".