
“Şadıq ki, bu gün qələbə qazanaraq qrupdan lider kimi çıxdıq. Gələcəkdə də yaxşı nəticə qazanıb, Vətənimizə medallar bəxş edəcəyik”.
Bunu Sportnet.az-a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin oyunçusu Mirmehdi Rzayev Bakıda keçirilən dünya çempionatında Mavritaniya üzərində 2:0 hesablı qələbə qazandıqları A qrupunun III tur matçından sonra deyib.
Təcrübəli futbolçu qrupda təkcə Bəhreyn yığmasını məğlub edə bilməmələrini güc deyil, bəxt amilinə bağlayıb: “Qələbə qazandığımız üçün sevincliyik. Gücümüz bundan da artıqdır, gələcək oyunlarda özünüz də görəcəksiniz. İlk qarşılaşmadan sonra demişdim ki, bəxtimiz gətirmədi”.
Rzayev sonda möhtəşəm dəstəyə görə azarkeşlərə təşəkkür edib: “Slovakiyada Avropa çempionatında qələbə qazanmaq başqa, bura tam başqadır.
Azarkeşlər önündə oynamaq insana zövq verir. Hər kəsə təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Azərbaycan yığması A qrupunda Bəhreynlə 1:1 hesablı heç-heçə edib. Elşad Quliyevin kollektivi daha sonra Slovakiyanı məğlubiyyətə uğradıb. Bugünkü qələbə sayəsində xalını 7-yə çatdıran milli qrup lideri kimi 1/8 finala yüksəlib.