
"Çox həyəcanlı oyun keçdi. Möhtəşəm ab-hava və super azarkeş dəstəyi, yüksək səviyyədə təşkilatçılıq var idi".
Sportnet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Zirə"nin baş məşqçisi minifutbol üzrə Azərbaycan milli komandasının Bakıda keçirilən dünya çempionatının 1/8 final mərhələsində Rumıniya üzərində qazandığı qələbəni şərh edərkən deyib.
43 yaşlı mütəxəssis millinin mundialın favoritlərindən biri üzərində qələbə qazandığını bildirib: "Komandamız qalib gəlsə də, məğlub olsa da onlarla qürur duyacaqdıq. Çünki sonadək mübarizə apardılar, qələbə üçün əllərindən gələni etdilər.
Futbolçularımız amansız mübarizə apardılar. Qarşılarında çox təcrübəli, möhkəm kollektiv var idi. Soyuqqanlı davranışlarından hiss olunurdu ki, yaxşı kollektivdir. Buna baxmayaraq, hətta hesabı bərabərləşdirdikdən sonra da irəli atılan tərəf biz idik.
Oyunun taleyini əsas vaxtda həll etmək istəyirdik, alınmadı. Penaltilər də çox gərgin, stresli keçdi. Komandamızı təbrik edirəm. Favoritlərdən biri üzərində qələbə qazandıq. İnanıram ki, dünya çempionu olacağıq".
Sadıqov minifutbola göstərilən diqqətin öz nəticəsini dünya çempionatında da verəcəyinə inam ifadə edib: "Çempionluq Azərbaycanda əla qarşılanacaq. Bu idman növü üzərində illərdir böyük diqqət və həvəslə ciddi iş gedir, əhəmiyyətli inkişaf var. Minifutbol üzrə ölkə çempionatı maraqlı keçir, milli komanda beynəlxalq yarışlarda uğurlu nəticələr göstərir, "Beerbaşa" komandası Çempionlar Liqasının qalibi olub.
Bu idman növünə ayrılan diqqətin bəhrəsi görünməkdədir. Çox istərdim ki, dünya çempionu olaq. Amma nəticə nə olursa-olsun, biz qalibik. Ən vacibi, bu cür yarışı ölkəmizdə qeyd etməyimizdir. Qonaqların hamısı ayrı-ayrılıqda indiyədək belə bir dünya çempionatı görmədiklərini qeyd edirlər. Bu, həm minifutbol, həm də futbol və futzalın inkişafı üçün təkan olacaq. O mənada ki, biz hər bir idman növündə uğurlar əldə edə bilərik".