
“İndiyəqədərki finallardan fərqli olaraq, 120 dəqiqəlik oyun oldu. Həm dramatik, həm də maraqlı görüş idi. Heç penaltilər seriyasına hazırlaşmamışdıq”.
Bunu Sportnet.az-a açıqlamasında “Qarabağ” komandasının futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Kubokunun finalında “Sabaha 2:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib
28 yaşlı müdafiəçi əlavə vaxtda kuboku öz səhvləri ucbatından əldən verdiklərini etiraf edib: “Hesabı qorumağa yönəlik oynaya bilərdik. Düşünürəm ki, səhvə yol verdik.
Gərgin və azarkeşlər üçün maraqlı oyun keçdi. Çox təəssüf ki, bu qədər yaxın olarkən kuboku əlimizdən qaçırdıq. Bundan dərs çıxarmaq lazımdır ki, növbəti oyunlarda da yaşanmasın. Üzücü məqamdır”.
Mustafazadə matçın baş hakimi İnqilab Məmədovun qərarlarının onlara qarşı qərəzli olduğunu deyib. O, sonda hakimlər mükafatlandırılarkən komanda olaraq onları məhz bu səbəbdən alqışladıqlarını qeyd edib:
“Açığı, epizodların təkrarına baxmamışam. Amma oyunun içində ola-ola aşkar simpatiya hiss olunurdu.
Epizodu təkrar izləyən komanda yoldaşlarım da bunu təsdiqləyir. Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Amma yaxşı idarəçilik ola bilərdi. Hakimlər bir çox epizodlarda onların lehinə qərarlar verdilər. Hər halda, rəqibi təbrik edirəm. Azarkeşlər də çox yaxşı dəstək oldular, təşəkkür edirəm”.
Mustafazadə oyunun əlavə vaxta getməsinin komandasına psixoloji maneə yaratmadığını bildirib:
“Bizim bundan əvvəl də əlavə vaxta qədər gedən oyunlarımız olub. 120 dəqiqəlik qarşılaşmaların böyük əksərindən yaxşı nəticələrlə çıxmışıq. Sadəcə, xırda diqqətsizlik belə qol buraxmağımıza səbəb oldu”.
Qeyd edək ki, “Qarabağ” 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olaraq Çempionlar Liqasının II təsnifat mərhələsindən, “Sabah” isə Azərbaycan Kubokunun sahibi kimi Avropa Liqasında mübarizəyə başlayacaq.