
İngiltərə “Liverpul"unu İspaniyanın "Real Madrid" komandasına dəyişən Trent Aleksander-Arnoldun yeni klubunda ən azı iki ciddi problemlə üzləşəcəyi gözlənilir.
Sportnet.az xəbər verir ki, karyerası boyunca "Liverpul"da 66 nömrəli formanı geyinmiş Aleksander-Arnold “kral klubu"da bunu edə bilməyəcək.
La Liqa qaydalarına əsasən, əsas komanda oyunçuları 25-dən yuxarı nömrələri geyinə bilməzlər. Yalnız gənclərdən ibarət komandanın üzvləri bu qaydadan azaddır.
"Real Madrid"in hazırkı kapitanı və ənənəvi sağ cinah müdafiəçisi Dani Karvaxal 2 nömrəli formanı geyinir ki, bu da Aleksander-Arnoldun İngiltərə millisində geyindiyi nömrədir. Hazırda Madrid təmsilçisində mövcud olan forma nömrələri 12, 24 və 25-dir. Lakin mövsümün sonunda Luka Modriç, Lukas Vaskes və Xesus Valyexonun komandadan ayrılması ilə 10, 17 və 18 nömrələri də boşalacaq.
Aleksander-Arnold daha bir kompromisə də getməli olacaq. "Liverpul"da olduğu müddətdə ingilis müdafiəçi tez-tez məşqlərə "Range Rover P530" markalı avtomobili ilə gedirdi. "El Motor" nəşrinin verdiyi məlumata görə, "Real Madrid"in sponsorluq müqavilələri çərçivəsində oyunçuların məşqə istənilən başqa markalı avtomobillə gəlməsi qadağandır. Bu isə o deməkdir ki, Aleksander-Arnold yeni klubunda məşqlərə öz "Range Rover"i ilə gedə bilməyəcək.
Qeyd edək ki, Trent Aleksander-Arnold "Real Madrid"lə 2031-ci ilin iyunun sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, Trent Aleksander-Arnold “Real Madrid"lə 6 illik müqavilə bağlayıb.