
"İlk yarıda rəqibdən daha üstün oynadıq, çoxlu hücumlar etdim. Sadəcə, alınmadı, bəxtimiz gətirmədi".
Bunu Sportnet.az-a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Edqar Adilxanov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqrodan olan həmyaşıdları ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra deyib.
20 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmanın çatışmazlığı taktiki və fiziki durumla əlaqədardır: "Bu, Ayxan Abbasovun rəhbərliyi altında ikinci toplanışımız idi. Bəzi futbolçular öz klublarında oyun vaxtı tapa bilmirlər, oynamırlar. Amma toplanış müddətində hər şey əla keçdi. Hamı daha da artırmağa başladı və taktiki cəhətdən nələrin lazım olduğunu öyrəndik".
Adilxanov matçın final fitindən sonra iki komanda arasında baş vermiş əlbəyaxa dava barədə də danışıb: "Oyunun əvvəllərindən rəqib futbolçular bizi çox vururdular, biz də onlara qarşı aqressiv idik. Rəqib oyunçular buna əsəbiləşərək, hakimlərə iradlarını bildirdilər, emosiyalarını qoruya bilməyərək, üstümüzə gəldilər. Biz də yerimizdə durmadıq, qarşılıq verdik. Amma heç kimə zərər dəymədi (gülür - red.)".
İstedadlı futbolçu digər klublardan təkliflər almadığını əlavə edib: "Klubumla daha 2 illik müqaviləm var. Hələlik "Şamaxı"dayam".
Qeyd edək ki, Azərbaycan millisi ilk yoxlama matçında səfərdə Belarusa uduzub - 1:3.